Dissertasiya işinin müdafiəsi keçirilib
04 iyun 2024-cü ildə AzMİU-nun Nəqliyyat fakültəsinin Fizika və Kimya kafedrasının sabiq dissertantı Rəfiyev Nurlan Mərhəmət oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə “(Fe-Ni)1-x Mx (M=Si, B) amorf ərintilərin quruluşu və maqnit xassələrinə termiki emalın təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədr müavini AMEA-nın müxbir üzvü, f.-r.e.d., professor Aydın Kazımzadə iclası açıq elan edərək 20 nəfər Şura üzvündən 18 nəfərinin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Nurlan Rəfiyevin dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Nurlan Rəfiyev bildirdi ki, dissertasiya işi, (Fe-Ni)1-x Mx (M=Si, B) amorf ərintilərin quruluşu və maqnit xassələrinə termiki emalın təsirinin tədqiqinə həsr olunb. İşdə amorf quruluşlu nümunələr almaq üçün yeni soyutma sistemi qurulmuş qurğuda 105-106 K/san kritik soyutma sürətləri əldə edilmiş, belə kritik soyuma sürətinın əldə olunması ilə 30-50mkm qalınlığında amorf təbəqələr tədqiqat məqsədi ilə alınmışdır. Alınmış nümunələrdə DSK analizlərinin aparılması ilə müəyyən edilmişdir ki, nümunələrdə amorf fazadan polikristallitlərin yaranması bir istiqamətdə baş verir və iki mərhələli fazalarının əmələ gəlməsi ilə yekunlaşır. Aşkar edilmişdir ki, lentin soyuducu ilə təmas edən tərəfində polikristallitlərin yaranması prosesi polikristallik fazaların əmələ gəlməsi və onların böyüməsi hesabına baş verir, lentin soyuducu ilə təmas etməyən tərəfində isə proses yeni yaranan polikristallik özəklərin artımı ilə gedir. SEM analizlərinin təhlili ilə müəyyən edilmişdir ki, amorf fazadan polikristalların yaranmasının keçid mərhələsində səth bir çox aydın görünən fraksiyalardan ibarət olur və məsaməli strukturun inkişafı müşahidə olunur, ən böyük fraksiyanın ölçüsü 2,0-2,1 mkm tərtibində müşahidə edilir. Nümunələrin maqnit xassələrinin tədqiqi nəticəsində məlum olmuşdur ki, histerezis ilgəyi parametrlərində diqqətçəkən göstəricilər mexaniki yaymadan sonra maqnit sahəsində termiki emal olunmuş nümunələrdə müşahidə edilir. Belə ki, bu cür emaldan sonra nümunədə doyma maqnit induksiyası yüksəlir. 0,75-1,25 MPa təzyiq altında mexaniki yayma ilə emal və 10 E uzununa maqnit sahəsində 623 K-ən 40 dəq saxlamaqla termiki emaldan sonra Fe59Ni19Si9B13 ərintsində 30-40 nm tərtibli dənə ölçüləri olduqda koresitiv qüvvəsinin qiyməti 20-30 A/m, maksimal maqnit induksiyası Bm =1,0-1,1 Tl, qalıq maqnit induksiyası Br=0,002-0,004 Tl və xüsusi elektrik müqaviməti ρ=127-130x10-8Om·m olan materiallar əldə edilmişdir. Texniki istismar zamanı alınmış materiallar müəyyən deformasiya təsirlərinə məruz qalır. Bu faktorun materialın histerezis ilgəyi parametirlərinə təsirini aydınlaşdırılmış, aşkar edilmişdir ki, belə təsirin histerezis ilgəyinin parametrlərində yaratdığı dəyişmələr çox kiçik qiymətlərlə ifadə olunur və materialın texniki xarakteristikalarına demək olar ki, təsir etmir. Histerezis ilgəyi parametirlərinin qiymətlərinin belə emal üsulları ilə əlaqəli dəyişmələr mövcud və müasir nəzəriyələrd əsasında izah olunmuşdur. Bəzi histerezis maqnit xassələrinin maqnit sahəsində emal zamanı yüksəlməsi Neel-Tanuqiçi tərəfindən irəli sürülən cüt atomların istiqamətlənmiş nizamlanması nəzəriyyəsi izah edilmiş, Mikrostuukturla xüsusən dənə ölçüləri ilə maqnit xassələr arasındakı əlaqələr anlamaq üçün G. Herzer tərəfindən təklif olunan təsadüfi anizotropiya modelindən istifadə edilmişdir. Əldə edilmiş materiallarda maqnit xassələrinin strukturla əlaqəli çevrilmələr bu nəzəriyyə çərçivəsində əsaslandırılmışdır. Amorf nümunədə elektrotexniki poladla müqaisədə bəzi mexaniki, elektrik və maqnit xassələrinin əlverişli qiymətlərin, eləcədə amorf materialların yüksək korroziyaya davamlı olması onların elektromaqnit cihaz olan kontaktor içliklərində istifadə edilməsi üçün zəmin yaratmışdır. Bu məqsədlə zavod resursu 4950 dəfə qoşulma olan 3SC8-A122 markalı analoq kontaktorun elektrotexniki poladdan olan içliyi, öyrənilən amorf lentlərdən hazırlanmış içliklə əvəz edilmişdir. Aparılan sənaye sınağı nəticəsində müəyyən olunmuşdur ki, amorf lentlərdən hazırlanan içliklərin tətbiqi kontaktorun iş resursunu 7-8% artırmışdır (5295-5350 dəfə qoşulma). Sənaye sınaqlarının sonunda kontaktorun birləşən yerlərində korroziya və zədə izləri aşkar edilməmişdir.
Rəsmi opponentlər BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Fizika-riyaziyyat elmləri doktoru, dosent. İzzət Məmməd qızı Əfəndiyeva, AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının müdiri Fizika elmləri doktoru, dosent Mətanət Əhməd qızı Mehrabova, ADPU-nun Fizika fakultəsinin dekanı Fizika-riyaziyyat elmləri namizədi, dosent. Arzu Oruc oğlu Daşdəmirov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Nurlan Rəfiyevin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Nurlan Mərhəmət oğlu Rəfiyevə 2211.01 – Bərk cisimlər fizikası ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!