Dissertasiya işinin müdafiəsi keçirilib
11 mart 2022-ci ildə BDU-nun Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasının böyük laborantı, Optika və molekulyar fizika kafedrasının sabiq disertantı Məmmədova Vüsalə Cəlali qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2211.01 – Bərk cisim fizikası ixtisası üzrə "Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik fotoelektrik və optik xassələri" mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri professor Niftalı Qocayev iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.r.e.n. Bəxtiyar Paşayev Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Vüsalə Məmmədova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Vüsalə Məmmədova bildirdi ki, dissertasiya işi, elektrokimyəvi üsulla katod potensialının müxtəlif qiymətlərində çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onların əsasında hazırlanmış p-Si/Cd1-xZnxO tipli heterokeçidlərinin elektrik fotoelektrik və optik xassələrinin tədqiqinə həsr olunb. İşdə, nazik təbəqələrin quruluşu, morfoloji xüsusiyyətləri, elektrik, fotoelektrik və optik xassələri öyrənilmiş, nəzəri və eksperimental nəticələrin müqayisəli təhlili əsasında p-Si/Cd1-xZnxO tipli heterokeçidlərin optimal elektrik, fotoelektrik və optik parametrləri üçün nazik təbəqələrin tərkibi, elektrokimyəvi çökdürülmə və Tİ-nin rejimləri seçilmişdir. Rəsmi opponentlər f.-r.e.d., Rəna Babayevaya, f.e.d., İzzət Əfəndiyeva və f.-r.e.n., Arzu Daşdəmirov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvü professor Əli Hüseynov, dissertasiya işinin elmi rəhbərləri professor Hüseyn Məmmədov və professor Rəna Qasımova iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Vüsalə Məmmədovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Vüsalə Cəlali qızı Məmmədovanın 2211.01 – Bərk cisim fizikası ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!