Dissertasiya işinin müzakirəsi keçirilib
30 iyun 2021-ci ildə "Optika və molekulyar fizika" kafedrasının dosenti, Maddə quruluşu kafedrasının sabiq doktorantı Paşayev Bəxtiyar Gülmalı oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2206.01 - Molekulyar fizika ixtisası üzrə "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Niftalı Qocayev iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Bəxtiyar Paşayev dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər AMEA-nın müxbir, professor Səlimə Mehdiyeva, f.e.d. Gülşən Ağayeva və professor Müsavər Musayev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Bəxtiyar Paşayevin fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Paşayev Bəxtiyar Gülmalı oğlunun fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2206.01 – "Molekulyar fizika" ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.