Dissertasiya işinin müzakirəsi keçirilib
02 dekabr 2021-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəqliyyat fakültəsinin” Fizika və Kimya kafedrasının müəlliməsi və sabiq dissertantı İsayeva Aida Əjdər qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2211.01 – “Bərk cismlər fizikası” ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "(CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri" mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri f.ü.e.d., dos. Sədiyar Soltan oğlu Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8-i iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. İsayeva Aida dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi.
Rəyçilər AMEA Radiasiya Problemləri İnistitunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dos. Mətanət Mehrabova və ADPU-nun Fizika fakültəsinin dekanı f.-r.e.n., dos. Arzu Daşdəmirov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları İsayeva Aidanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, İsayeva Aida Əjdər qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi " (CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 “Bərk cismlər fizikası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.