Fizika fakültəsində elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası və Qabaqcıl Materialşünaslıq Tədqiqat və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarda kafedranın doktorantı Xatirə Mehtiyeva "Bi və Sb əsaslı laylı telluridlərin alınması, quruluşu və elektron hallarının tədqiqi" mövzusunda çıxış edib.
Doktorant tədqiqatlar nəticəsində əldə etdiyi elmi nəticələrin bir qismini iştirakçılarla bölüşüb. Məruzədə Bi və Sb əsaslı laylı van der Vaals materiallarının sintezi, kristal quruluşu və elektron hallarının öyrənilməsi, həmçinin mövcud topoloji izolyatorların elektron xassələrinin yaxşılaşdırılması və yeni topoloji izolyatorların sintezi istiqamətində aparılan elmi işlər barədə məlumat verilib.
Bildirilib ki, sintez edilmiş materialların kristal quruluşu, elektron halları və fiziki xassələri müasir eksperimental üsullarla araşdırılıb. Eyni zamanda, əldə olunan nəticələrin spintronika, kvant texnologiyaları və aşağı enerji sərfiyyatlı elektron qurğuların inkişafı baxımından perspektivli olduğu vurğulanıb.
Seminar iştirakçıları mövzuya böyük maraq göstərmiş, müzakirə zamanı tətbiqi perspektivlərlə bağlı suallar səsləndirilib.
Sonda məruzəçi tərəfindən aparılan tədqiqatların gələcək istiqamətləri haqqında məlumat verilib.