Dissertasiya işinin müzakirəsi keçirilib
18 noyabr 2021-ci ildə Bərk cisimlər fizikası kafedrasının sabiq dissertantı, AzMİU-nun Fizika və Kimya kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Hüseynov Hüseynağa İbrahim oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2211.01 – Bərk cisimlər fizikası ixtisası üzrə "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri fizika elmləri doktoru Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 6 nəfəri iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Hüseynağa Hüseynov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər fizika elmləri doktoru Elçin Kərimov, fizika elmləri doktoru Mətanət Mehrabova, fizika-riyaziyyat elmləri doktoru Fərhad Rüstəmov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Hüseynağa Hüseynovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Hüseynov Hüseynağa İbrahim oğlunun fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi " Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr " mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 – "Bərk cisimlər fizikası" ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.