Dissertasiya işinin müzakirəsi keçirilib
31 oktyabr 2022-ci ildə AMEA-nın Fizika İnstitutunun 2.10 saylı “Kristalloqrafiya, kristallar fizikası” laboratoriyasının dissertantı Xanməmmədova Elmira Ələsgərovnanın BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasının Elmi Seminarında 2211.01 - “Bərk cisim fizikası” ixtisası üzrə “ZnS(Se)-ZnTe sistemi nazik təbəqələrinin və onların əsasında strukturların elektron xassələri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri f.e.d., dos. Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8-i iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Elmira Xanməmmədova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər ADPU-nun Fizika fakültəsinin “Ümumi fizika” kafedrasının dosenti, f.e.d. Namiq Niftiyev və BDU-nun “Yarımkeçiricilər fizikası” kafedrasının, professoru, f.e.d. Əli Hüseynov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Xanməmmədova Elmiranın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Xanməmmədova Elmira Ələsgərovna fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "ZnS(Se)-ZnTe sistemi nazik təbəqələrinin və onların əsasında strukturların elektron xassələri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 – “Bərk cisim fizikası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.