Dissertasiya işinin müzakirəsi keçirilib
01 dekabr 2021-ci ildə BDU-nun Fizika fakültəsinin "Nanomaterialların kimyəvi fizikası kafedrası"-nın sabiq dissertantı Hümbətov Şirxan Ərəstun oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri" mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri AMEA-nın müxbir üzvü, f.-r.e.d., professor Oktay Qasımov iclası açıq elan edərək 6 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Şirxan Hümbətov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru, f.ü.e.d. Əli Hüseynov və BDU-nun Tədqiqat, inkişaf və innovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini, f.-r.e.n., dos. Mustafa Muradov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Şirxan Hümbətovun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Hümbətov Şirxan Ərəstun oğlunun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.