Doktorantımız Elmi seminarda çıxış edib
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib. Elmi seminarda laboratoriyanın əməkdaşı, Fizika fakültəsinin II kurs doktorantı Orxan Güləhmədov “Triboelektrik nanogeneratorlardan istifadə etməklə hibrid formalı enerji sistemlərin yaradılması və tətbiqləri" mövzusunda çıxış edib.
Məruzəçinin bildirdiyinə görə, mövcud elmi ədəbiyyat materiallarının təhlili nəticəsində müəyyən olunub ki, triboelektrik nanogeneratorlar (TENG) əsasında gündəlik həyatda müxtəlif alternativ enerji mənbələrindən (külək, günəş, su dalğaları, insanların hərəkəti ilə bağlı olan biomexaniki enerji və s.) istifadə etməklə hibrid formalı enerji generasiya edən sistemlər yaratmaq olar. Bu da öz növbəsində enerji istehsalında daha yaxşı nəticələr əldə etməyə imkan verir. Bu istiqamətdə TENG-lərin istifadəsi olduqca aktual hesab olunur. Belə ki, onların tətbiqi ilə yeni növ enerji generasiya edən hibrid sistemlər və eyni zamanda gündəlik həyatda ətraf mühitin, insanların sağlamlığının monitorinqini aparamaq üçün sensorlar hazırlamaq mümkündür.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.