Doktorantların Beynəlxalq konfransda çıxışı
28-30 sentyabr tarixlərində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” adlı Beynəlxalq elmi konfrans keçirilib.
Konfrans “Xaos və qeyri-xətti dinamika”, “Aşağı ölçülü domenlərdə qeyri-xətti təkamül tənlikləri”, “Solitonlar və kvant damcıları”, “Mürəkkəb şəbəkələr və şəbəkə dinamikası”, “Nanoölçülü sistemlərdə mürəkkəb hadisələr”, “Statistik fizika və onun tətbiqləri”, “Kvant elmində mürəkkəb hadisələr”, “Epidemiyaların proqnozlaşdırılma və modelləşdirilməsi”, “Astronomiya və astrofizikada mürəkkəb hadisələr” adlı mövzuları əhatə edir. Bir çox ölkələrdən olan tanınmış alim-mütəxəssislərin iştirak etdiyi konfransda Riçardo Adami (Turin Politexnik Universiteti, İtaliya), İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Matthias Ehrhardt (Vuppertal Universiteti, Almaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Weizman İnstitutu, İsrail), Theo Geisel (Gottingen Universiteti, Almaniya), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (Tbilisi Dövlət Universiteti, Gürcüstan), Mikhail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan) və digərlərinin məruzələri dinlənilib.
Konfransda BDU Fizika fakültəsi Nəzəri fizika kafedrasının doktorantı Möhsün Əlizadə “NİCA enerjisində proton-proton toqquşmasında birbaşa fotonların alınması prosesinə kvant xromodinamik düzəlişlər” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi qeyd etmişdir ki, birbaşa fotonların alınması kvark-qlüon Kompton səpilməsi və kvark-antinkvark cütünün annigilyasiyası proseslərinə kvant xromodinamik düzəlişlər edilmişdir. Proseslərin diferensial kəsiyinin toqquşan protonların enerjisindən, fotonların eninə impulsundan, səpilmə bucağının kosinusundan, sürətindən y asılılığı araşdırılmışdır, ikiqat spin asimmetriyası əmsalı hesablanmışdır. Müəyyən edilmişdir ki, kvant xromodinamik düzəlişlərinin Kompton kvark-qlüon səpilməsinin differensial kəsiyinə əlavəsi kvark-antikvark cütünün annihilyasiyasını differensial kəsiyinə əlavəsindən daha böyükdür. Dəniz və valent kvarkların səpilmədə rolu müəyyənləşdirilmişdir.
Konfransda Fizika fakültəsi Nəzəri fizika kafedrasının digər doktorantı Emilya Ömərova isə “H(h;A)⇒ff ̄γ H(h;A)⇒ff ̄γ parçalanmalarında γ -kvantın xətti polyarlaşması” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, minimal Supersimmetrik Standart Model çərçivəsində H(h;A)⇒ff ̄γ radiasiya parçalanması proseslərində γ -kvantın xətti polyarlaşmasına baxılmışdır. Burada γ -kvantın xətti polyarlaşma dərəcəsi və parçalanma enləri üçün analitik ifadələr alınmışdır. Bu xarakteristikaların γ-kvantın çıxış bucağından və fermion-antifermion cütünün invariant kütləsindən asılılıqları ətraflı öyrənilmişdir. Nəticələr qrafiklər şəklində göstərilmişdir. Qrafiklərə əsasən, qeyd etmək olar ki, γ -kvantın xətti polyarlaşma dərəcəsi fermion cütünün x invariant kütləsinə həssasdır. Belə ki, x invariant kütləsi artdıqca, γ-kvantın xətti polyarlaşma dərəcəsinin qiyməti də artır.
Nəzəri fizika kafedrasının dissertantı Tağıyeva Şahnaz İlqar qızı "Sonlu temperaturda AdS/KXD-nin sərt divar modelində a1 mezon-nuklon qarşılıqlı təsir sabitinin təyini" mövzusu ilə məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, işdə sonlu temperaturda AdS/KXD-nin yumşaq divar modelində a1 mezon-nuklon qarşılıqlı təsir sabitinin inteqral ifadələri alınmışdır və onların temperaturdan asılılıq qrafikləri qurulmuşdur. Müəyyən olunmuşdur ki, temperatur artdıqca qarşılıqlı təsir sabitlərinin qiymətləri azalır və qarşılıqlı təsirlərin hər biri eyni bir temperatur ətrafında (200MeV) sıfıra bərabər olur, bu temperaturdan sonra adronlar arasında qarşılıqlı təsir olmur. Bu temperaturdan yüksək temperaturda maddə Kvark Qlüon Plazma halında olur, bu hal isə AdS/KSN-də konfaynment-dekonfaynment faza keçidinə uyğun gəlir.
Çıxışların sonunda gənc tədqiqatçılar verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.