Fizika fakültəsində Zəfər günü ilə bağlı tədbir keçirilib
07 oktyabr 2025-ci il tarixində Fizika fakültəsinin I kurs tələbələri ilə 44 günlük II Qarabağ savaşının 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri I Qarabağ savaşında baş vermiş hadisələr, torpaqlarımızın işğalına gətirən siyasi proseslər barədə tələbələrə ətraflı məlumat verib və II Qarabağ savaşında qazanılan böyük Zəfərə gedən yoldan danışıb. O, qeyd edib ki, bu Zəfərin əsası hələ keçən əsrin əvvəlləri Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulub. Belə ki, Heydər Əliyev ölkəmizə qarşı yönəlmiş təhdidləri məharətlə zərərsizləşdirərək, Azərbaycanın müstəqilliyini əbədi etməyi bacarmış və ölkəmizi yüksək inkişaf yoluna çıxarmışdır. Onun rəhbərliyi ilə güclü nizami ordu quruculuğuna başlanılmış, güclü və dayanıqlı iqtisadiyyat formalaşmış, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, vətəndaşlarımızın vahid milli ideya ətrafında həmrəyliyi təmin olunmuşdur. Bütün bu işlər Ulu Öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilmişdir. Nəticə göz qabağındadır: Azərbaycanın bütün ərazisində dövlət suverenliyimiz bərpa olunub, ölkəmiz güclü iqtisadiyyata malikdir, beynəlxalq nüfuzumuz günü-gündən artır. Çox qısa zamanda azad olunmuş ərazilərdə misilsiz bərpa-quruculuq işləri həyata keçirilib, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın geri qayıtması təmin olunub. Dekan müavini daha sonra xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının, tariximizi öyrənməyin vacibliyini diqqətə çatdıraraq, hər bir tələbənin ölkəmiz üçün yararlı mütəxəssis kimi yetişməyə çalışmasını tövsiyə edib.