Doktorluq dissertasiyasının müzakirəsi keçirilib
25 may 2022-ci il tarixində Fizika fakültəsinin elmi seminarında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Arzuman Həsənovun elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki tədqiqi” mövzusunda dissertasiyanın müzakirəsi keçirilib. Məruzəçi qeyd etdi ki, təqdim olunan dissertasiya işində metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki metodları tətbiq etməklə energetik parametrlərinin qiymətləri hesablanmış, stabilliyi və xassələrinin araşdırılmasına baxılmışdır. Tədqiqat obyekti kimi metal tərkibli Aun, Agn, Aln, Fen, (Au2S)n, (Ag2S)n, (CdS)n, (PbS)n, (Al2O)n, (TiO2)n, (Fe3O4)n, (SiO2)n, (ZrO2)n, (IrSi)n, (IrSi2)n və (MnxZn1-xFe2O4), x=0; 0,25; 0,50; 0,75; 1 nanohissəcikləri, metal nanohissəcikli polietilen (PE), polipropilen (PP) və poliviniliden fluorid (PVDF), metal tərkibli hibrid mikro və nanoquruluşlu, hibrid nanoquruluşlu polimer əsaslı nanokompozitləri, Aun və Agn nanoboruları, fülleren C60 , fülleren əsaslı C60H, qrafen C62H20, qrafen əsaslı C62H20+nPVDF, C62H20+nPE və Hf6C3N2 hafnium karbonitrit materialları seçilmişdir. Tədqiqatlarda bəzi metal tərkibli nanoquruluşların ölçüsünü verərək ona daxil olan atomların sayı hesablanmış, nəzəri vizual modelləri qurulmuş və bu modellər əsasında kompüterdə kvantmexaniki hesablamalar aparılmışdır. Bu isə əvvəlcədən təcrübə aparmadan nanohissəciklərin xassələrinin öyrənilməsində riyazi modelləşdirmənin və kvantmexaniki metodların tətbiqinin aktuallığını göstərir.