Elmi Şuranın iclası keçirilib
07 may 2022-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə yaz imtahan sessiyasının gedişi ilə bağlı, Yekun Dövlət Attestasiyası ilə bağlı məsələlərin müzakirəsi, doktorantların attestasiyası və kafedralarda boş olan vəzifələrə seçkilərin keçirilməsi daxil edilib. Fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək yaz imtahan sessiyasının gedişi, prosesdə ortaya çıxan problemlər və onların həlli ilə bağlı, Yekun Dövlət Attestasiyasında tələbələrin nəticələri ilə bağlı ətraflı məlumat verdi. Sonra “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Mətanət Həsənovanın dissertasiya işinin adında qismən dəyişiklik edilməsi, qiyabi doktorant Gülər Məhərrəmovanın III kursdan IV kursa keçirilməsi məsələlərinə baxıldı. Elmi Şura üzvlərinin səsverməsi ilə hər iki məsələ müsbət həll olundu. Fakültədə boş olan yerlərə seçkilərlə bağlı məlumat verən Bəxtiyar Paşayev “professor” yerlərini tutmaq üçün sənəd vermiş namizədlərin BDU-nun Elmi Şurasında seçilməli olduqlarını, bunun üçün fakültə Elmi Şurası tərəfindən onların namizədliyinin dəstəklənməsi barədə qərar verilməli olduğunu qeyd etdi. Ümumi səsvermə ilə fakültə Elmi Şurası kafedralarda boş olan “professor” yerlərinə seçilmək üçün sənəd vermiş namizədlərin seçilməsini BDU Elmi Şurasına tövsiyə etdi. Sonra boş olan “dosent” və “müəllim” yerləri və həmin yerlərə sənəd vermiş namizədlərlə bağlı məlumat verildi. Gizli səsvermənin keçirilməsi üçün hesablama komissiyası seçildi. Sənəd vermiş namizədlər Elmi Şura üzvlərinin gizli səsverməsi ilə iddia etdikləri vəzifələrə seçildilər.