Fizika fakültəsi müəlliminin kitabının təqdimatı olub
Bakı Dövlət Universitetində Hüquq fakültəsinin tələbələri üçün tərtib olunmuş yeni dərsliyin – “Kriminalistika” kitabının təqdimatı olub. Kitabın çoxsaylı müəllif kollektivi sırasına Fizika fakültəsinin müəllimi, Ədliyyə Nazirliyinin Məhkəmə- ekspertiza Mərkəzinin əməkdaşı Lətif Əliyev də daxildir. Təqdimatda millət vəkilləri, hüquq-mühafizə və prokurorluq orqanlarının əməkdaşları, hüquq fakültəsinin professor-müəllim heyəti iştirak edib. Kitab barədə çıxış edənlər ölkədə aparılan hüquqi islahatlar fonunda belə dərsliklərin yazılmasının dövrün tələbi olduğunu qeyd ediblər. Kitabın əvvəlki nəşrlərin davamı olduğu, eyni zamanda daha əhatəli yazıldığı, cinayət-prosessual fəaliyyətdə ortaya çıxan problemlərin həllində istintaq orqanları üçün əvəzedilməz vəsait rolu oynayacağı bildirilib. Xüsusilə kriminalistika sahəsində elm və texnikanın nailiyyətlərinin, müasir texnologiyaların tətbiqinin müsbət nəticələri qeyd olunub.