Fizika fakültəsində doktorluq dissertasiyası üzrə ilkin müzakirə keçirilib
17 mart 2021-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası, Maddə quruluşu kafedralarının və Kimya fakültəsinin Üzvi kimya kafedrasının birgə genişləndirilmiş seminarı keçirilmişdir. Seminar Fizika fakültəsi “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Hacıyeva Flora Vidadi qızının 2317.01 “Nanokimya və nanomateriallar” ixtisası üzrə "Termoplastik polimerlərə nanohissəciklər daxil etməklə alınmış nanokompozitlərin tərkibi, quruluşu və xassələri" mövzusunda kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunmuşdur. Seminarı giriş sözü ilə açan “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri dosent Faiq Paşayev bildirdi ki, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Hacıyeva Flora Vidadi qızı kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Termoplastik polimerlərə nanohissəciklər daxil etməklə alınmış nanokompozitlərin tərkibi, quruluşu və xassələri" mövzusunda dissertasiya işini tamamlayıb. Dissertasiyanın məzmunu 65 məqalə və 20 konfrans materialında öz əksini tapıb. Həmin məqalələrdən 58-i Web of Science Clarivate Analytics bazasına daxil olan impakt faktorlu jurnallarda çap olunmuşdur. Sonra məruzə üçün söz Flora Hacıyevaya verildi.
Flora Hacıyeva dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Çıxışdan sonra məruzəçiyə suallar verildi və o, həmin sualları cavablandırdı.
Dissertasiyanın müzakirəsində həmçinin BDU-nun digər kafedralarının, “Nanoaraşdırmalar Mərkəzinin”, AMEA-nın Fizika İnstitutunun mütəxəssisləri, o cümlədən akademiklər f.r.e.d. Arif Həşimov, k.e.d. Vaqif Abbasov, AMEA-nın müxbir üzvü, k.e.d. İslam Mustafayev, professorlar f.r.e.d. Hüseyn İbrahimov, f.r.e.d. Rəşad Rəhimov, k.e.d. Arzu Nəcəfov, k.e.d. Teymur İlyaslı, k.e.d. Eldar Əhmədov, k.e.d. İbrahim Məmmədov, f.r.e.d. Vaqif Salmanov, f.r.e.d. Rasim Məmmədov və digərləri iştirak etdilər.
Dissertasiya üzrə tədqiqatlarda istifadə olunmuş fiziki metodların, üsulların və alınmış nəticələrin yeniliyi, tam əsaslandırılmış olması barədə AMEA-nın Neft-Kimya institunun direktoru, akademik Vaqif Abbasov və AMEA-nın müxbir üzvü, k.e.d. İslam Mustafayev rəylərini bildirdilər.
Dissertasiya işinin müzakirəsi nəticəsində işin kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün lazımi tələblərə cavab verdiyi bildirildi və müdafiəyə təqdim olunması tövsiyə edildi.