Fizika fakültəsində doktorluq dissertasiyasının müdafiəsi keçirilib
4 noyabr 2021-ci ildə BDU-nun Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasının dosenti, Maddə quruluşu kafedrasının sabiq doktorantı Paşayev Bəxtiyar Gülmalı oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2206.01 - Molekulyar fizika ixtisası üzrə "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvi, professor Aydın Kazımzadə iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.e.d. Gülnara Haqverdiyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Bəxtiyar Paşayev dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Bəxtiyar Paşayev bildirdi ki, dissertasiya işi, su-PEQ, su-PEQ-qələvi və su-PEQ-duz sistemlərində struktur xüsusiyyətlərinin tədqiqinə həsr olunb. İşdə, bir sıra qələvilərin və duzların müxtəlif fraksiyalı PEQ-lərin suda məhlullarının strukturuna təsiri öyrənilib, qələvilərin, duzların ionlarının və PEQ makromolekulunun hidratlaşması prosesləri təhlil olunub, həmçinin su-PEQ-qələvi və su-PEQ-duz sistemlərində həyəcanlanmış və bu sistemlərə uyğun seçilmiş θ-həlledicilərdə həyəcanlanmamış PEQ makromolekulunun konformasiyası, ölçüləri müəyyən edilib və bu konformasiyaya, ölçülərə qələvilərin və duzların təsiri araşdırılıb. Rəsmi opponentlər AMEA-nın həqiqi üzvü, professor Cavad Abdinov, AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov, professor Əhməd Hacıyev, professor Rövşən Xəlilov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Niftalı Qocayev və professor Əli Hüseynov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, dissertasiya işinin elmi məsləhətçisi professor Eldar Məsimov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Bəxtiyar Paşayevin fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Bəxtiyar Gülmalı oğlu Paşayevə 2206.01 - Molekulyar fizika ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!