Fizika fakültəsində mühəndis hazırlığına başlanılıb
BDU Fizika fakültəsində ixtisaslı mühəndislərin hazırlığına başlanılıb
Azərbaycan Respublikasının yüksək iqtisadi inkişaf templəri bütün sahələrdə müasir innovativ texnologiyaların tətbiqini zəruri edir. Bu isə öz növbəsində ixtisaslı, fundamental biliklərə yiyələnmiş mühəndis kadrlarının hazırlanmasını bir vəzifə kimi ali təhsil müəssisələrinin qarşısında qoyur. Bu vəzifəni yerinə yetirmək məqsədilə Bakı Dövlət Universitetinin Fizika fakültəsində yeni “Mühəndis fizikası” ixtisası açılıb. “Mühəndis fizikası” ixtisası informasiya-kommunukasiya texnologiyasına, nüvə fizikasına, elektrotexnikaya, elektronikaya, aerokosmik mühəndisliyə, materialşünaslığa və maşınqayırmaya xüsusi diqqət ayırmaqla fizika, kimya, biologiya və mühəndislik elmlərinin elementlərini özündə ehtiva edən ixtisasdır. Ənənəvi mühəndislik ixtisaslarından fərqli olaraq mühəndis fizikası elm və texnikanın müəyyən bir sahəsi ilə məhdudlaşmır. Əksinə, mühəndis fizikası seçilmiş peşə üzrə tətbiqi fizikanın daha ətraflı öyrənilməsi üçün nəzərdə tutulub. Bu ixtisas riyazi, elmi-statistik və mühəndslik prinsiplərini dərindən anlamaqla nəzəri biliklərlə praktik mühəndislik arasında bağlılıq yaratmağa xidmət edir. İxtisaslı mühəndis fiziklər yüksək texnologiyalı sahələrdə (optika, nanotexnologiya, materialşünaslıq, elektronika, mikrotexnologiya, mikroelektronika, hesablama texnikası, fotonika, nüvə mühəndisliyi, biofizika, energetika, maşınqayırma və s.) peşəkar fizik və ya mühəndis kimi, müxtəlif elmi və texniki sahələrdə ekspert kimi çalışa bilərlər.
2022-2023-cü tədris ilində “Mühəndis fizikası” ixtisasına 15 tələbə qəbul olunub. Həmin tələbələrin ixtisas üzrə zəruri biliklərə yiyələnməsi məqsədilə fakültə dekanlığı tərəfindən lazımi tədbirlər görülür. Belə ki, sentyabrın 16-da Fizika fakültəsinin “Mühəndis fizikası” ixtisasına qəbul olunmuş tələbələr BDU-nun Tələbə Yaradıcılıq Mərkəzində olublar. Onlara Mərkəzin strukturu, fəaliyyəti, üzərində iş gedən layihələr, əldə olunmuş uğurlar barədə məlumatlar verilib və həmin tələbələrin Mərkəzin işinə cəlb olunmaları üzrə danışıqlar aparılıb.