Fizika fakültəsində növbəti Elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Fizika fakültəsində 18 oktyabr 2022-ci ildə növbəti Elmi seminar keçirilib. Seminarda Maddə quruluşu kafedrasının müdiri, professor Eldar Məsimov “Su-polimer ikifazalı sistemlərin ayırdetmə qabiliyyəti” mövzusunda məruzə edib.
Çıxışı zamanı məruzəçi qeyd edib ki, canlı orqanizmin əsas hissəsi su və yüksəkmolekullu birləşmələrdən ibarətdir və orqanizmdəki maddələr mübadiləsi əsasən qan vasitəsi ilə həyata keçirilir. Çox komponentli çox fazalı sistem olan canlı orqanizmdə gedən proseslərin ən sadə modelini yaratmaq üçün ikifazalı polimer-polimer-su sistemlərindən istifadə etmək olar. İkifazalı polimer-polimer-su sisteminin tarazlıqda olan fazalarının əsas hissəsini su və polimerlər təşkil edir. Bu fazalar bir-birindən polimer tərkibi ilə fərqləndikləri kimi maddələrin qeyri-bərabər paylanmasını təmin edən əsas şərtlərdən biri olan hidrofobluqları ilə də fərqlənirlər. Qeyd edildi ki, su-polimer ikifazalı sistemlərin fazalarının fiziki-kimyəvi xassələri, xüsusi halda nisbi hidrofobluqları müxtəlif olduqlarından onların bioloji obyektlərin komponentlərinə hərislikləri də müxtəlif olur. Buna görə ikifazalı su-polimer sistemləri bioloji obyektlərin (viruslar, hüceyrələr, fermentlər və s.) ayrılması, təmizlənməsi və dərman preparatlarının təmizliyinə nəzarət üçün yumşaq, asan və ucuz sistem kimi biotexnologiyada geniş istifadə olunur. Belə sistemlərdə müxtəlif maddələrin qeyri-bərabər paylanması həmin maddələrin sistemin fazalarının su mühitləri ilə hidrofob və hidrofil qarşılıqlı təsirininin müxtəliflikləri ilə əlaqədardır.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və semiar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.