Fizika fakültəsində növbəti tamamlanmış dissertasiyanın ilkin müzakirəsi keçirilmişdir
09 aprel 2021-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi “Optika və molekulyar fizika” kafedrasının dissertantı Şamilova Şəhla Asəf qızının 2211.01 “Bərk cisimlər fizikası” ixtisası üzrə "Lazer şüalanmasının metamateriallarda və orta İQ diapazonunda halkogenid kristallarda qeyri-xətti tezlik çevrilməsi" mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası “Fiziki elektronika” kafedrasının müdiri professor Əhməd Abdinov açıq elan edərək bildirdi ki, Optika və molekulyar fizikası kafedrasının dissertantı Şamilova Şəhla Asəf qızı fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Lazer şüalanmasının metamateriallarda və orta İQ diapazonunda halkogenid kristallarda qeyri-xətti tezlik çevrilməsi " mövzusunda dissertasiya işi hazırlayıb. İlkin müzakirəni keçirmək üçün Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayevə ərizə ilə müraciət olunub. Fizika fakültəsinin Optika və molekulyar fizikası, Fiziki eletronika və Bərk cisimlər fizikası kafedralarının birgə genişləndirilmiş iclasını keçirilməyə icazə verilib. Dissertasiyanın məzmunu 11 məqalə və 11 konfrans materialından ibarətdir. Onlardan 5 məqalə Web of Science Clarivate Analytics bazasına daxil olan impakt faktorlu jurnallarda çap olunmuşdur. Sonra sözü dissertasiya işinin qısa məzmununu iclas iştirakçılarına çatdırmaq üçün iddiaçıya –Şamilova Şəhla Asəf qızına verildi. Şamilova Şəhla Asəf qızı: “Lazer şüalanmasının metamateriallarda və orta İQ diapazonunda halkogenid kristallarda qeyri-xətti tezlik çevrilməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Çıxışdan sonra məruzəçiyə suallar verildi və o, həmin sualları cavablandırdı.
Dissertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün seçilmiş metodlarına, tədqiqat nümunələrinə və alınmış nəticələrinin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair Bərk cisimlər fizikası kafedrasının dosenti Mehdi Mahmudov və Fiziki elektronika kafedrasının dosenti Benyaməddin Davudov rəylərini bildirdi.
Mehdi Mahmudov qeyd etmişdir ki, təqdim olunan işdə alınmış nəticələrin praktiki dəyərlərindən biri kimi, verilmiş intensivlik yaxınlaşmasında metamateriallarda və İQ kristallarda dalğaların qeyri-xətti parametrik qarşılıqlı təsir nəzəriyyəsinin inkişaf etdirilməsini göstərmək olar. Beləki verilmiş intensivlik yaxınlaşması məlum verilmiş sahə yaxınlaşmasndan daha dürüstdür. Tədqiqat işinin digər nəticəsi kimi verilmiş intensivlik yaxınlaşmasında alınmış nəticələrin işığın müxtəlif manipulyasiyaları üçün nəzərdə tutulmuş lazer sistemləri və cihazlarının yaradılmasında praktik tətbiq oluna bilməsidir. Bundan başqa bu nəticələr yüksək tərtibli qavrayıcılıq, mühitin sındırma əmsalı, yəni onun dispersiyası kimi maddənin optik xassələrinin təyinində də istifadə edilə bilər. Alınan nəticələrin etibarlılığı və doğruluğu müəllifin sınanmış metodlardan istifadə etməsi, onların limit halalrında ədəbiyyatda məlum olan nəticələrlə, o cümlədən təcrübi faktlarla uzlaşması ilə təmin olunur.
Benyaməddin Davudov çıxışı zamanı qeyd etmişdir ki, hazırda geniş spektral intervalda yüksək çevrilmə effekti yarada bilən qeyri –xətti kristalların seçilməsi aktual məsələlərdəndir. Şəhla Şamilovanın dissertasiya işi lazer texnogiyalarının belə aktual məsələlərin həllinə həsr olunmuş və nəticədə bu məqsədlə halkogenid və ya halkopirit strukturlu kristallardan istifadə edilməsi təklif olunmuşdur. Bu işdə tədqiq olunan materiallarda qeyri–xətti hadisələrin nəzəri olaraq öyrənilməsi, belə materiallardan praktiki istifadə olunması üçün yeni imkanlar yaradır.
Dissertasiya işinin müzakirəsi zamanı həmçinin professor Məmməd Əliyev və elmi rəhbər professor Rəna Qasımova və digərləri dissertasiya işi və iddiaçı barədə öz müsbət fikirlərini söyləmiş və iddiaçının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini adını almağa layiq olduğunu söyləmişlər.