Elmi seminarda qrafit monotəbəqələr barədə danışılıb

21 noyabr 2025-ci il tarixində Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının növbəti seminarı keçirilib. Seminarda kafedranın dosenti Arif Orucov “Qrafit monotəbəqəsinin diffuziyaya təsiri” mövzusunda çıxış edib. Arif Orucov bildirib ki, submonotəbəqələr, monotəbəqələr və çoxlaylı adsorbsiya edilmiş təbəqələr kvazi-ikiölçülü və üçölçülü sistemlər olduqlarından ümumiyyətlə kifayət qədər mürəkkəb faza halına malikdirlər. Adsorbsiya etmiş atomların konsentrasiyasının artması ilə altlıq- təbəqə sisteminin strukturunda baş verən dəyişikliklər səthin elektron xassələrinin və adsorbsiyanın kinetik xarakteristikalarının xüsusiyyətlərinin dəyişməsi ilə əlaqələndirilir. Benzol buxarıında yerləşən Pt qrupu metallarının səthində müxtəlif atomların səthi ionlaşmasının və termoelektron emissiyanın tədqiqi zamanı qrafit təbəqəsində quruluş keçidləri ilə əlaqəli karbon və digətr atomlarının diffuziyası aşkar edilmişdir. Bütün bunların fonunda qrafit monotəbəqəsinin yeni diffuziya etdiricilik xassəsi aşkarlanmışdır və uğurla tədqiq edilir. Heterogen dissosiativ katalizdə platin qrupuna aid metallardan katalizatorların səthində qrafit monotəbəqəsinin əmələ gəlməsi molekulların dissosiasiya effektivliyini üç-beş tərtib aşağı salır, mahiyyət etibarilə katalizatorların tam zəhərlənməsinə gətirib çıxarır. Metalların səthindəki karbon təbəqəsinin xassələri metalın növündən, temperaturundan çox asılıdır. Qaz-bərk cisim halı üçün kimyəvi tarazlıq şərtlərini və reaksiyalarda kütlələr qanunu tətbiq edərək ilk dəfə reniuma karbon və azotun diffuziya prosesinin komputerdə modelləşdirilməsi aparılmışdır.