Fizika fakültəsində professor Sərhəddin Abdullayevin 85 illik yubileyi qeyd olunub
15 aprel 2024-cü il tarixində Fizika fakültəsində Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayevin anadan olmasının 85 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə fakültənin müəllimləri və tələbələr, Fizika problemləri ETİ-nin əməkdaşları, qonaqlar iştirak ediblər. Tədbiri fakültə dekanı Bəxtiyar Paşayev açıq elan edərək, professor Sərhəddin Abdullayevin həyat yolu, elmi-pedaqoji fəaliyyəti barədə danışıb. O, qeyd edib ki, elmin yüksək zirvələrini fəth etmiş alimlərdən biri də, respublikada elmin inkişafına sanballı töhfələr bəxş etmiş, fizikanın ali və orta məktəblərdə tədrisinin təşkilində, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş, fizika-riyaziyyat elmləri doktoru, professor Sərhəddin Abdullayevdir. Bu il gözəl müəllim, istedadlı alim və zəhmətkeş insan olan Sərhəddin Abdullayevin anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin isə 65 ili tamam olur.
Sərhəddin Abdullayev 1958-1963-cü ildə BDU Fizika fakültəsində təhsil alıb. 1964-cü ildə görkəmli alim, tanınmış ziyalı, Azərbaycanda Nəzəri fizika məktəbinin yaradıcısı professor Abdulla Muxtarovun dəvəti və dəstəyi ilə Bakı Dövlət Universitetində Nəzəri fizika ixtisası üzrə aspiranturaya qəbul olub. O, 1970-ci ildə “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək "Nəzəri fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Sərhəddin Abdullayev 1967-ci ildən Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. 1996-ci ildə "Lepton-lepton və lepton-hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək "Nəzəri fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. O, 1997-ci ildə professor elmi adını alıb.
Sərhəddin Abdullayevin elmi fəaliyyət istiqaməti əsasən elektromaqnit, zəif və güclü qarşılıqlı təsirlərin vahid nəzəriyyəsi olan Standart Modelin yoxlanılması və ondan kənarda mümkün hesab olunan “Yeni fizika”nın aktual problemlərinin nəzəri tədqiqi ilə bağlıdır. Onun elmi rəhbərliyi ilə Nəzəri fizika ixtisası üzrə 6 nəfər Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. O, eyni zamanda çox sayda magistr dissertasiya işlərinin elmi rəhbəri olub. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 500-ə yaxın elmi əsərin, o cümlədən, orta ümumtəhsil məktəbləri və ali məktəblər üçün yazılmış 3 monoqrafiyanın, 27 dərsliyin, 65 dərs vəsaitinin, 26 metodik vəsaitin və 12 tədris proqramının müəllifidir. Olimpiada həvəskarlarına kömək məqsədilə onun "Fizikadan olimpiada məsələləri” adlı 3 dərs vəsaiti çap edilib. Sərhəddin Abdullayev pedaqoji fəaliyyəti dövründə bakalavr pilləsində “Klassik elektrodinamika” və “Kvant mexanikası” fənlərini tədris etmiş, hazırda isə magistratura pilləsində “Kvant elektrodinamikası”, “Elementar zərrəciklərin kinematikası”, “Elektromaqnit qarşılıqlı təsir nəzəriyyəsi”, “Elektrozəif qarşılıqlı təsir nəzəriyyəsi”, “Fundamental qarşılıqlı təsirlərin ümumi xassələri”, “Standart Model, leptonların və kvarkların xassələri” və “Hadron proseslərinin fizikası” fənlərini yüksək ustalıqla tədris etməklə pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Sərhəddin Abdullayevin elmi-pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Məhsuldar əməyinin nəticəsi olaraq o, 2014-cü ildə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanına, 2016-cı ildə “Qızıl qələm” mükafatına, 2017-ci ildə Avropa Nəşr Mətbuat evinin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb. O, 2019-cu ildə Rusiyanın Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 2019-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Sonra tədbirdə BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri professor Mais Süleymanov, Nəzəri Fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Fizika problemləri ETİ-nin direktoru professor Sədiyar Rəhimov, Biofizika şöbəsinin müdiri Namiq Əhmədov, aparıcı elmi işçi Gülşən Ağayeva yubilyar haqqında ürək sözlərini söyləyiblər. Tədbirdə Sərhəddin Abdullayevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Sonda Sərhəddin Abdullayev çıxış edib, keçdiyi həyat yolu, universitetdəki tələbəlik illəri, elmi fəaliyyəti, Azərbaycanda fizika fənni üzrə orta məktəblər və ali təhsil müəssisələri üçün yazdığı dərslik və dərs vəsaitləri haqqında danışıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.