Fizika fakültəsində ustad dərsi keçirilib
15 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetində “Elm günü” ilə bağlı tədbirlər planına uyğun olaraq Fizika fakültəsinin “Maddə quruluşu” kafedrasının müdiri, prfessor Eldar Məsimov tərəfindən “Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq” mövzusunda ustad dərsi keçirilib. Eldar Məsimov suyun təbiətin ən möcüzəvi maddəsi olduğunu, bu möcüzəni su molekulları arasında mövcud olan spesifik, hidrogen rabitəsi adlanan qarşılıqlı təsirlər nəticəsində formalaşan rəngarəng strukturların yaratdığını qeyd edərək, canlı orqanizmdə baş verən bütün biokimyəvi və fiziki-kimyəvi proseslərdə, bioloji funksiya daşıyan makromolekulların aktiv konformasiyalarının formalaşmasında, fermentativ reaksiyaların gedişində, osmos və diffuziya vasitəsilə canlı orqanizmdə maddələrin, o cümlədən dərman preparatların daşınmasında iştirak edən suyun rolunun əvəzedilməz olduğunu bildirdi. O, qeyd etdi ki, su hüceyrə və digər orqanları xarici mexaniki təsirlərdən və mühitin kəskin temperatur dəyişmələrindən qoruyur və yüksək enerjili şüalanmaları udmaq, saxlamaq və istifadə etmək qabiliyyətinə malikdir. E.Məsimvun fikrincə, suyun belə ali funksiya daşıması, onun digər mayelərdən fərqli olaraq fiziki və fiziki-kimyəvi xassələrində müşahidə olunan anomallıqlarla ( 48 anomallıq müşahidə olunur), həmin anomallıqlar isə hidrogen rabitələrinin vasitəsilə yaranan strukturların əmələ gəlməsinin kooperativliiyi ilə əlaqədardır. Məruzəçi istənilən maddənin, o cümlədən dərman maddələrinin suyun strukturuna və ya termodinamik halına mümkün təsirləri, onun orqanizmdə oynadığı rolunun energetik nöqteyi-nəzərdən kəmiyyətcə qiymətləndirilməsi, tədqiqatların nəticələrinin tibbdə tətbiqi məsələləri barədə ətraflı məlumat verdi.
Ustad dərsində Fizika fakültəsinin rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti, doktorant, magistrant və bakalavrlar, digər maraqlı şəslər iştirak ediblər.
Professor Eldar Məsimov 1963-cü ildə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirib, 1969-cu ildə aşağı temperaturlar fizikası ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını alıb. İtaliyada Roma Universitetində uzunmüddətli elmi ezamiyyətdə olub, orada biofizika ixtisası üzrə elmi-tədqiqat işləri aparıb və bu işlərin nəticəsi olaraq 1984-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində biofizika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını alıb.
Eldar Məsimovun Bakıda, Romada, Moskvada, Kazanda, Saratovda və digər elm mərkəzlərində uzun müddət apardığı elmi-tədqiqat işləri bioloji sistemlər fizikası, molekulyar fizika sahəsində böyük əhəmiyyət kəsb edir. Professor Eldar Məsimov professor B.Y.Zaslavski (ABŞ, Klivlend) ilə birlikdə yüksəkmolekullu birləşmələrin sulu məhlullarının son zamanlara qədər təcrübi olaraq təyin oluna bilməyən nisbi hidrofobluqlarını kəmiyyətcə qiymətləndirməyə imkan verən yeni metod hazırlamışdır. Qeyd edək ki, beynəlxalq elmi ədəbiyyatda indi də geniş istinad edilən və istifadə olunan bu metod su-üzvi birləşmə və su-polimer ikifazalı sistemlərdə maddələrin qeyri-bərabər paylanmasına əsaslanmışdır. Göstərilmişdir ki, bu metod qanda klinik metodlarla təyin oluna bilməyən bəzi patologiyaları aşkar etməyə imkan verir.
Xüsusi qeyd etmək lazımdır ki, ikifazalı sistemlərdə maddələrin paylanması hüceyrə mayesi – membran, membran-toxuma mayesi, qan-limfa və s. sistemləri arasında maddələrin paylanmasının (maddələr mübadiləsinin) analoqu və modeli kimi qəbul oluna bilər və olunur. Tədqiqatların nəticələri “hidrofobluq”, “hidrofillik”, “hidrofobeffekt” terminlərini düzgün anlamağa kömək etmiş, orqanizmdə mövcud olan baryerlərin və bioloji membranların təşkilinin fiziki-kimyəvi prinsiplərinin eyni olduğunu, maddələrin, o cümlədən dərman preparatlarının bioloji aktivliyi ilə onların fizioloji məhlullarının hidrofobluğu arasında funksional asılılığın olduğunu göstərdi və maddələrin (dərman preparatlarının) orqanizmdə istiqamətlənmiş hərəkətini idarə etmək yollarını göstərdi.
Professor Eldar Məsimov 1998-ci ildə Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü, 2003-cü ildə həqiqi üzvü, eləcə də həmin il Akademiyanın Azərbaycan Filialının rəhbəri seçilib, Rusiya Təbiətşünaslıq Akademiyasının Təltif və Mükafatlar Komissiyası ona «Bioloji strukturların təşkili prinsipləri» elmi məktəbinin yaradıcısı adını verib və “Alfred Nobel” adına, “V.İ.Vernadskiy” adına medallarla təltif edib. O, 2012-ci ildə Avropa Elm-sənaye Palatası tərəfindən Keyfiyyət Diplomu (Duploma di Merita) və Avropa qızıl medalına layiq görülüb, 2014-cü ildə Avropa Elm-sənaye Konsorsiumunun qərarı ilə fizika-riyaziyyat elmləri sahəsindəki xidmətlərinə görə Vilhelm Leybnis medalı ilə, 2015-ci ildə Avropa Elm və Sənaye Konsorsiumunun qərarı ilə “European Quality” qızıl medalı ilə təltif edilib.
Rusiya Təbiətşunaslıq Akademiyasının (RTA) 20 illik yubileyinin keçirilməsi ilə əlaqədar və “Avropa Elmi Sanaye Konsorsiyum” mükafatlar komissiyasının qərarına uyğun olaraq Eldar Məsimov Pyotr Velikiy “Небывалое Бывает” ordeni ilə təltif edilib. Eldar Məsimov Əməkdar elm və təhsil xadimi fəxri adına layiq görülüb