Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

18 sentyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Bərk cisimlər fizikası və Yarımkeçiricilər fizikası kafedralarının, həmçinin BDU-nun “Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu”nun “Kondensə olunmuş hal fizikası” şöbəsinin birgə elmi seminarında Bərk cisimlər fizikası kafedrasının doktorantı Dəmirov Rağib Yavər oğlunun 2211.01 – “Bərk cisimlər fizikası” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yarımmaqnit yarımkeçiricilərdə ölçü effektləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri, Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Vaqif Salmanov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verib. Doktorant Rağib Dəmirov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları və əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər – fizika üzrə elmlər doktoru Adil Abdullayev və fizika-riyaziyyat elmləri doktoru Fərhad Rüstəmov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti və əldə edilmiş nəticələrin dürüstlüyü barədə müsbət rəylərini, həmçinin irad və təkliflərini bildirdilər. İddiaçı rəyçilərin irad və təkliflərinə münasibət bildirdi, daha sonra iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Dəmirov Rağib Yavər oğlunun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olması barədə yekdilliklə səs verdilər.
Qərara alındı ki, Dəmirov Rağib Yavər oğlunun təqdim etdiyi “Yarımmaqnit yarımkeçiricilərdə ölçü effektləri” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə cavab verir və onun müəllifi 2211.01 – “Bərk cisimlər fizikası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir və dissertasiya işini Müdafiə Şurasına təqdim etmək olar.