Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib

22 sentyabr 2026-cı il tarixində Fizika fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələ daxil edilib:
- 2026/2027-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında
- Doktorantura və dissertantura üzrə qəbul və tədris prosesinin təşkili
- Doktorantların attestasiyası
Elmi Şuranın sədri Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Elmi Şuranın iclasını açıq elan edərək birinci məsələ ilə bağlı çıxış edib. O, 2026-2027-ci tədris ilinə hazırlıq işlərinin tamamlandığını, fakültədə tədris prosesinin təşkili üçün zəruri işlərin görüldüyünü qeyd edib. Sonra Fizika fakültəsinin doktoranturasına cari ildə baş tutmuş qəbulla bağlı məlumat verilib. Bildirilib ki, fəlsəfə doktoru üzrə doktoranturaya 10 nəfər, o cümlədən, “Sabah” proqramı üzrə 6 nəfər qəbul olunub. Bəxtiyar Paşayev tezliklə həmin doktorantların elmi rəhbərlərinin və dissertasiya mövzularının təsdiqi üçün kafedralar tərəfindən lazımi işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra fakültənin elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktorantlarının attestasiyası keçirilib. Doktorantlar Məhəmməd Bağır Bağırov, Lamiyə Balayeva, Zeynəb Addayeva, Rağib Dəmirov, Elvin Bəxtiyarlı, Ramin Bəkmirzəyev, Türkan Musayeva, Xaqan Əhmədov, Ayşən Quliyeva, Fatma İsmayılova, Jalə Teymurova, Xatirə Mehdiyeva, Aygün Mehdiyeva, Aidə Rəsulova, Lalə Qəhrəmanlı və Leyla Ağayeva fəaliyyətləri, elmi-tədqiqat mövzuları üzrə dərc olunmuş məqalələri və konfranslarda iştirakları barədə qısa hesabat veriblər. Doktorantların fəaliyyəti Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.
Bununla da Elmi Şuranın iclası yekunlaşıb.