Fizika fakültəsinin Elmi seminarı keçirilib
Fizika fakültəsinin Elmi seminarında “İşığın qeyri-xətti qarşılıqlı təsir prosesləri” müzakirə olunub.
Bakı Dövlət Universitetinin Fizika fakültəsində 19 oktyabr 2022-ci ildə növbəti Elmi seminar keçirilib. Seminarda Optika və molekulyar fizika kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Nəzakət Kərimli “İşığın koherent anti-Stokes səpilməsi zamanı qeyri-xətti qarşılıqlı təsir prosesinin optimal parametrləri” mövzusunda məruzə edib.
Çıxışı zamanı məruzəçi qeyd edib ki, son 20 ilin külli miqdarda elmi tədqiqat işləri Raman sprektroskopiyasının noninvaziv, zədələyici olmayan tədqiqat metodu olduğundan xəbər verir. Proses işığın mühitdən qeyri-elastiki səpilməsi zamanı mühitin, yəni bioloji obyektlərin spesifik elementlərinin, həm vivoda həm də vitroda və həmçinin dərman maddələrinin tərkib hissələrinin araşdırılmasına imkan verir. Bu baxımdan qeyri-xətti proseslərdən olan koherent anti Stoks dalğasının səpilməsi tədqiqat obyekti olaraq maraq doğurur.
Tədqiqatın məqsədi analitik yolla koherent anti Stokes dalğasının qeyri-xətti mühidə səpilməsi prosesinə təsir edən parametrləri müəyyən etməkdir. Təhlil sabit intensivlik metodu ilə aparılmışdır. Qeyri-xətti prosesin effektivliyinə təsir edən dalğaların öz-özüylə və çarpaz qarşılıqlı təsirinə də baxılmışdır. Müəyyən edilmişdir ki, qarşılıqlı təsirdə olan digər dalğalara nəsərən güclü olan doldurma dalğasının intensivliyini dəyişməklə çıxış anti Stokes dalğasının intevliyini artırmaq və prosesi tənzimləmək mümkündür. Göstərilib ki, alınmış nəticələr kubik qeyri-xəttiliyə malik olan optik liflərdə istifadə oluna bilər.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.