Fizika fakültəsinin seminarında optik harmonikanın tətbiqləri barədə danışılıb
Fizika fakültəsi Optika və Molekulyar Fizika kafedrasının elmi seminarında kafedranın doktorantı Şahmərdan Əmirov “Üçüncü optik harmonikanın Biomikroskopiyada bəzi tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə geniş yayılmış qeyri-xətti optika metodları kimi ikinci və üçüncü optik harmonikaların fiziki və texniki bazası, üçüncü harmonika (ÜH) signallarının optimal həyəcanlandırılması, siqnalların detektə edilməsi və onların intepretasiya edilməsi üzrə məlumatlar təqdim olunub. Üçüncü harmonikanın generasiyası (ÜHG) mikroskopiyası nişanlanmış atomlardan istifadə etmədən toxumanın 3-ölçülü xəyallarının alınmasını təmin edən çoxfotonlu qeyri-fluorosent və qeyri-xətti optik metoddur. Üçüncü harmonikanın yaranması hüceyrə membranlarında (məs. lipid damcılarında, kalsiumlaşdırılmış sümük və ya dişlərin mina qatında kimi üzvi strukturlarda) heceyrələr arası maye ilə, lipidlə zəngin strukturların sərhədində üstünlük təşkil edir. Bundan başqa, üçüncü optik harmonika su ilə böyük zülal agregatları, məsələn, kollagen dəstələri və əzələ lifləri arakəsmələrində, xüsusilə izotrop hissələrdə müşahidə olunur və nümunənin arakəsmələrində, daxili strukturların sərhədlərində, yəni sındırma əmsalının fərqləndiyi lokal keçidlərdə və 3-cü tərtib qeyri-xətti qavrayıcılığa malik mühitlərdə baş verir.
Məruzəçi qeyd edib ki, nəzəri hesablamalara görə əsas tezlikli şüalanmanın intensivliyinin artması ilə signalın keyfiyyətinin də kifayət qədər artması baş verir. Müəyyən edilib ki, bioloji toxumada həyəcanlanmanın dalğa uzunluğu işığın səpilməsi və udulması proseslərinin qarşılıqlı mübadiləsindən asılıdır. Qeyri-üzvi kristallar və minerallaşmış komplekslərin sındırma əmsalları ilə onları əhatə edən toxuma mayesinin sındırma əmsalı arasındakı böyük fərqə görə bu obyektlər güclü ÜH signalları yaradırlar.
Göstərilib ki, üçüncü harmonika signallarının interpretasiyası heç bir histoloji hazırlıq aparmadan diş strukturlarının üç ölçülü xəyallarını almağa və morfoloji təhlilini aparmağa imkan verir. Bu metod paleontoloji tədqiqatlarda nadir tapıntılara heç bir zədə vurmadan qədim onurğalıların dişlərinin təkamülünün təsnifatlandırılması üçün əlavə məlumatlar verə bilər.
Sabit intensivlik yaxınlaşmasında aparılmış araşdırmalar göstərib ki, güclü signalların alınması üçün əsas tezlikli dalğanın intensivliyi və nümunənin qalınlığı optimal qiymətə malik olmalıdır. Girişdəki dalğanın intensivliyinin optimal intensivlikdən böyük və ya kiçik qiymətlərində ÜH-nın zəif signalı və buna uyğun olaraq mühitin zəif xəyalı alınır.
Seminar maraqlı müzakirələrlə və sualların cavablandırılması ilə yekunlaşıb.