Fiziki elektronika kafedrasında elmi seminar keçirilib
17 may 2022-ci il tarixində Fiziki elektronika kafedrasının dosenti Benyaməddin Davudov kafedranın seminarında “İmpuls plazma sürətləndiricilərində baş verən fiziki proseslər” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində başlıca olaraq diqqəti elektrodinamik sürətləndiricilərə yönəldib, alınan plazma selinin əsas parametrləri, eləcə də həmin impuls plazma sürətləndiricilərinin elm və texnikada tətbiqlərinə baxılması barədə ətraflı və məzmunlu məlumat verdi. Bu mövzu alçaq temperaturlu plazmanın tədqiqində əsas problemlərdən biridir. Seminarda laboratoriya şəraitində impuls plazma selləri almaq üçün istifadə olunan qurğuların iş prinsiplərinə baxıldı. Alınan plazma sellərinin tədqiqində istifadə olunan elektrik, optik və spektroqrafik metodlar haqqında seminar iştirakçılarına müfəssəl məlumat verildi.
Məruzəçi impuls plazma sürətləndiricilərinin elm və texnikada tətbiqində diqqəti aşağıdakı üç məsələyə yönəldib:
- İPS vasitəsilə kosmik aparatların hərəkətinin stabilləşdirilməsi;
- Hərbi məqsədlər üçün istifadə olunması;
- Müxtəlif materialların nazik təbəqələrinin alınması texnologiyasında istifadə olunması.
Məruzəçi axırıncı məsələdə İMP-in rolunu xüsusi olaraq qeyd etmişdir. Bu üsulla bir sıra çətinəriyən metalların, oksidlərin təbəqələrinin böyük sürətlə formalaşdırmağının mümkün olduğu göstərilib, əsas diqqət mürəkkəb maddələrin kompozit təbəqələrinin Fe-Fe2O3, Bi-BiO2, Bi12SiO4, Al-Al2O3 və b. alınmasına yönəlib.
BDU-nun nanotexnologiyalar mərkəzində belə təbəqələrin atom mikroskopu ilə çəkilmiş görüntüləri göstərilib. Sonra Benyaməddin Davudov bu sahədə görülən tədqiqat işlərinin elmi əhəmiyyəti haqında danışdı. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.