Fiziki elektronika kafedrasında elmi seminar keçirilib
19 aprel 2022-ci il tarixində Fiziki elektronika kafedrasının seminarında dosent Şahin Ələkbərov “Baryer boşalmasının mexanizmi və onu təyin edən parametrlər” mövzusunda məruzə edib. O, öz məruzəsində baryer boşalmasının əsas xüsusiyyətləri, onun növləri, baryer boşalmasında boşalma aralığında yaranan mikroboşalmalar, onların parametrləri, mikroboşalmalarda cərəyan sıxlığı, mikroboşalmaların enerjisi, bir baryerli və iki baryerli baryer boşalmasının volt-amper xarakteristikaları, baryer boşalmasının parametrlərinə təsir edən faktorlar, baryer boşalmasında boşalma aralığında, mikroboşalmalarda baş verən fiziki proseslər haqqında geniş məlumat verdi.
Məruzəçi ekvivalent sxem əsasında həm bir baryerli, həm də iki baryerli baryer boşalmalarının volt-amper xarakteristikalarının özünəməxsus formalarda olmasına izahat verdi. İki baryerli baryer boşalmasının volt-amper xarakteristikalarında gərginliyin təqribən 5-10 kV aralığında sıçrayışla dəyişməsini baryerlərin üzərində disklər adlanan yüklənmiş ləkələrin (sahələrin) yaranması ilə bağlı olduğunu əsaslandırdı və yüklənmiş ləkələrin parametrlərinə mikroboşalmaların, elektrodlara tətbiq olunan gərginliyin necə təsir etdiyini ətraflı izah etdi. Bundan əlavə o, bir baryerli və iki baryerli baryer boşalmasının volt-amper xarakteristikalarının baryerlərin dielektrik nüfuzluğundan asılılıqlarına ekvivalent sxem əsasında geniş izahat verdi. Ş.Ələkbərov bir baryerli və iki baryerli baryer boşalmalarında boşalma aralığında ayrılan aktiv gücün boşalma aralığında olan qazın təzyiqindən asılı olduğu, təzyiqin müəyyən qiymətində boşalma aralığında ayrılan aktiv gücün maksimum qiymət alması haqqında danışdı. O, həmin asılılığı qaz boşalması üçün Pik tərəfində verilmiş boşalmanın alışma gərginliyinin ifadəsini boşalma aralığında ayrılan aktiv gücün çevrilmiş ifadəsində nəzərə alaraq aldığı yeni ifadəyə əsasən izah etdi və qeyd etdi ki, bu cür yaxınlaşmada nəzəriyyədən alınan nəticələrlə təcrübədən alınan nəticələr kifayət qədər böyük dəqiqliklə uyğunluq təşkil edir.
Sonda, Ş.Ələkbərov bir baryerli və iki baryerli baryer boşalmalarının tədqiqinin elmi-praktik əhəmiyyəti, üstün cəhətləri və tətbiq sahələri haqqında danışdı. O, seminar iştirakçılarının suallarını cavablandırdı.