Gənc tədqiqatçı elmi seminarda çıxış edib

Fizika fakültəsinin “Nəzəri fizika” kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda tədqiqatçı İlyas Abuşzadə “Günəş küləyi turbulentliyinin korrelyasiya uzunluğunun MHD şokları boyunca dəyişməsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi onilliklər ərzində aparılan tədqiqatlara baxmayaraq, heliosferdə zərrəciklərin sürətlənməsi və enerji kaskadları ilə bağlı hələ də açıq qalan suallara toxunub. O bildirib ki, bu turbulent prosesləri anlamaq günəş küləyinin plazma dinamikasını başa düşmək üçün həlledici rol oynayır. Planetlərarası şoklar (IP shocks) şokdan əvvəlki (upstream) və şokdan sonrakı (downstream) bölgələrdə turbulentliyin xüsusiyyətlərini tədqiq etmək üçün təbii laboratoriya kimi çıxış edir. Lakin ənənəvi tək nöqtəli kosmik aparat müşahidələri məkan və zaman dəyişkənliklərini fərqləndirməyi çətinləşdirir ki, bu da nəzəri modellərlə birbaşa müqayisə aparmağı məhdudlaşdırır.
Seminarda L1 Laqranj nöqtəsində yerləşən "Wind", "ACE" və "DSCOVR" kosmik missiyalarının məlumatlarından istifadə edərək planetlərarası şok normalına perpendikulyar və paralel olan turbulent miqyasların tədqiqi nəticələri təqdim olunub. Tədqiqat zamanı avtokorrelyasiya funksiyaları (ACF) əsasında korrelyasiya uzunluqları və effektiv Reynolds ədədləri qiymətləndirilib. İlkin nəticələr bu turbulent parametrlərin şokdan əvvəlki bölgədən sonrakı bölgəyə doğru azaldığını göstərib.
Məruzəçi, həmçinin onlarla planetlərarası şok üzərində aparılan geniş statistik analiz zamanı şoklar boyunca korrelyasiya uzunluğunun sistematik azalmasının çox zəif olduğu və ya heç olmadığı aşkar edildiyini qeyd edib. Bu vəziyyət tək nöqtəli ölçmələrin məhdudiyyətləri və ACF-nin qiymətləndirilməsi üçün intervalların kiçik olması ilə əlaqələndirilib.
Tədqiqat işində bu məhdudiyyətləri qismən aradan qaldırmaq üçün innovativ yanaşma tətbiq edildiyi vurğulanıb. Belə ki, eyni turbulent strukturların əvvəlcə "Wind" aparatında (upstream), daha sonra isə subsolar nöqtə yaxınlığında "MMS" aparatında (downstream) müşahidə edildiyi hallar müəyyən olunub. Çoxlu kosmik aparatdan (multi-spacecraft) ibarət bu konfiqurasiya Yerin baş şok dalğası (Earth's bow shock) boyunca turbulentliyin xüsusiyyətlərini daha dəqiq müqayisə etməyə imkan verib və şoklar boyunca turbulentliyin məkan təkamülünün, həmçinin korrelyasiya miqyaslarının daha etibarlı qiymətləndirilməsinə şərait yaradıb.
Seminar maraqlı elmi müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.