Maddə quruluşu kafedrasında elmi semina
27 oktyabr 2023-cü il tarixində Fizika fakültəsinin Maddə quruluşu kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Tünzalə Bayramova “Maddələrdə neytrino ossilyasiyası” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Günəş neytrinosunun defisiti probleminin mümkün həlli kimi Neytrino ossilyasiya nəzəriyyəsi meydana gəlib. Bu sahədə aparılan təcrübələr elektron, myüon və taon neytrinolarının ossilyasiyası faktını təsdiq etməklə onların sükunət kütləsinə malik olmasını göstərir. Neytrino ossilyasiyasının xarakterik uzunluğu onların kütlə fərqi ilə təyin edilir. İki növ elektron və myüon neytrinoların hallarının qarışması məsələsi araşdırılır. Real neytrino halının dalğa funksiyası bütün neytrino hallarının dalğa funksiyalarının xətti kombinasiyası kimi götürülür. Elektron və myüon neytrinoları bir-birlərinə keçə bildiyindən onların dalğa funksiyası iki halın dalğa funksiyasının qarışığı kimi götürülə bilər. Buna uyğun olaraq zamana görə Şredinger tənliyi yazılaraq həll edilir. Həll xətti kombinasiya şəklində axtarılır. Nəticədə göstərilir ki, ossilyasiya qarışığının bucağından asılı olaraq təmiz elektron neytrinosu (q » 0) və ya təmiz myüon neytrinosu halları mümkündür. Hesablamaların nəticəsində neytrino qarışığının bucağı üçün ifadə alınır. Neytrinonun maddələrdən keçməsi ilə əlaqədar olan effektlər L.Volfenşteyn və S.P.Mixeyev tərəfindən araşdırılıb. Elektron və myüon neytrinolarının atomların elektronlarından səpilməsi zamanı onların bozonlarla mübadilə etməsi nəticəsində neytrinoların ossilyasiyası baş verir. Bu halda neytrinonun həmin iki hallarının qarışığının bucağı təyin edilir. Həmin nəticənin vakuumdakı neytrino qarışığının bucağı ilə əlaqəsi bu ifadədə müəyyən edilir. Məlum olmuşdur ki, maddələrdə neytrinoların rezonans ossilyasiyası hadisəsi baş verir. Rezonans halından keçən zaman neytrinonun növlərinin bir-birinə keçməsi baş verir. Belə rezonans ossilyasiya hadisəsi neytrino qarışığının meydana çıxmasının demək olar ki, yeganə vasitəsidir. Rezonans ossilyasiya hadisəsi həmçinin maddədə neytrinonun kütləsinin maddənin sıxlığından asılı olduğunu göstərir. Neytrino (antineytrino) dəstəsinin maddədə yayılması geniş fiziki informasiya verir. Məsələn, neytrino dəstəsi ilə hər hansı bir obyekti şüalandirsaq, həmin obyektin daxilindəki sıxlığın paylanması mənzərəsi haqqında məlumat əldə etmək olar.
Məruzə üzrə müzakirələr aparılıb və T.Bayramova iştirakçıların suallarını cavablandırıb.