“Nanomaterialların kimyəvi fizikası” kafedrasının elmi seminarı keçirilib
27 aprel 2022-ci il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının genişləndirilmiş elmi seminarı keçirilib. Seminarda kafedranın doktorantı Almara Rəhimli “Elektrotermopolyarlaşmanın TiO2/PVX əsaslı polimer nanokompozitlərinin quruluşuna və fotolüminessensiya xassələrinə təsiri” mövzusunda məruzə edib. Məruzəçi polyar, termoplastik polimer olan PVX və rutil faza TiO2 nanohissəcikləri əsaslı nanokompozitlərin optimal alınma şəraitinin müəyyən edilməsi, sintez edilmiş nanokompozit nümunələrin quruluşu ilə lüminessensiya, elektrofiziki və elektret xassələri arasındakı qanunauyğunluqların araşdırılması və onların mümkün tətbiq imkanlarının müəyyən edilməsi istiqamətində aparılmış tədqiqatların nəticələrini diqqətə çatdırıb. O, həmçinin qeyd etdi ki, mikroskopik və spektroskopik metodlar vasitəsilə doldurucu miqdarından, alınma şəraitindən və xarici təsirlərdən asılı olaraq PVX/TiO2 polimer nanokompozitlərinin quruluş və xassələri arasındakı əlaqə müəyyən edilib, doldurucunun miqdarından və kristallaşmanın temperatur-zaman (KTZ) rejimindən asılı olaraq PVX/TiO2 polimer nanokompozitlərinin fotolüminessensiya və elektrofiziki xassələrinə baxılıb. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.