Optika və molekulyar fizika kafedrasında elmi seminar keçirilib
31 may 2022-ci il tarixində Optika və molekulyar fizika kafedrasının elmi seminarında kafedranın müəllimi, fizika-riyaziyyat elmləri namizədi Rafiq Bağırov “Fitomelaninlərin dəmir ionları ilə kompleks birləşmə əmələ gətirməsi” mövzusunda məruzə ilə çıxış edib. O, aparılmış tədqiqatlar barədə məlumat verərək bildirdi ki, qara üzüm, qara kəndalaş, qara zeytun, daş sarmaşığı bitkilərinin meyvələrinin, soya bitkisinin toxumlarının qabığından qələvi mühitdə ekstraksiya, turş mühitdə isə çökdürmə yolu ilə fitomelanin piqmentləri əldə edilərək, alınmış piqmentlərin təsnifatı məqsədi ilə onların İQ- və EPR- spektrləri qeyd olunub. 57Fe SO4 məhlulunda inkubasiya metodu ilə fitomelaninlərin dəmir ionları ilə kompleks birləşmələri alınıb, sonra həmin kompleks birləşmələrin struktur xüsusiyyətləri qamma rezonans (QR)- spektroskopiya metodu ilə tədqiq olunub. Müəyyən edilib ki, fitomelaninlər dəmir ionları ilə effektiv sürətdə oktaedrik liqand əhatəli kompleks birləşmə əmələ gətirir. Kompleksin əmələ gəlməsində fitomelaninlərin amin- , imin-, karboksil- və karbonil- qrupları iştirak edir. Alınmış birləşmələrin elektrik keçiriciliyi ölçülüb və məlum olub ki, onlar özlərini üzvi yarımkeçirici kimi aparırlar. Təqdim olunan məlumatlar ətrafında müzakirələr aparıldı. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.