Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib
06 may 2024-cü il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın fəlsəfə doktoru proqramı üzrə III kurs doktorantı Əfsanə Surxaylı “PS/Si nanokompozitlərinin quruluşu və istilik-fiziki xassələrinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, polimer nanokompozitlərin olduqca böyük potensiala malik olması artıq uzun illerdir ki məlumdur. Polimerlərin, xüsusən də termoplastik polimerlərin asan emal oluna bilən olması onlar əsasında alınan kompozit materiallara marağı artırır. Polimerə daxil edilmiş nano ölçülü əlavənin ölçüsündən, miqdarından, paylanmasından, alınma üsulundan asılı olaraq yeni materiallar almaq mümkündür. Təqdim olunan işdə tədqiqat obtektləri olaraq matris kimi polistrol (PS), doldurucu kimi isə silisium nanohissəcikləri götürülüb. Polistrol xətti quruluşa malik termoplastik polimer olub stirolun polimerləşməsi nəticəsində əldə edilir. Sənayedə istehsal olunan polistrolun polimerləşmə dərəcəsi n=600-2500 arasında dəyişir. Polistrol yüksək optik işıqkeçirmə qabilliyətinə malik, aşağı mexaniki möhkəmliyə malik amorf polimerdir. Eyni zamanda polistrol yaxşı kimyəvi stabilliyə malik olan bir dielektrikdir. Silisium nanohissəcikləri əsasında alınmış kompozit materiallar, konstruksiya materiallarının sintezindən biotibbi implantların hazırlanmasına kimi olduqca geniş spektrli tətbiq potensialına malikdirlər. Silisium nanodoldurucuları polimerin bir sıra xassələrinin yaxşılaşdırılması, o cümlədən mexaniki və termik davamlılığının artırılması, yaşama müddətinin uzadılması, başqa sözlə polimer materialın xarici faktorların təsiri ilə köhnəlmə sürətinin ləngidilməsi məqsədi ilə effektiv şəkildə tətbiq olunmaqdadır.
Ə.Surxaylı bildirib ki, onun tərəfindən polistrol polimeri və silisium nanohissəcikləri əsasında polimer nanokompozitlərin alınması həyata keçirilib və istilik-fiziki xassələri tədqiq edilib. Bunun üçün müxtəlif konsentrasiyalı PS+Si polimer nanokompozitlərin rentgen difraktoqrammaları, nümunələrin İQ spektrləri, TQA, DSK və DTA analizləri alınıb və interperatasiya edilib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.