Qrant müsabiqəsinin qalibi
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat laboratoriyasın əməkdaşı və Fizika fakültəsi “Nanomaterialların kimyəvi fizikası” kafedrasının II kurs doktorantı Orxan Güləhmədovun təqdim etdiyi “İnnovativ Gənc Mühəndislər – tərsinə mühəndislik biliklərinin gənclərə aşılanması” adlı layihəsi Azərbaycan Respublikası Gənclər fondunun (AzGF) elan etdiyi “Fərdi layihələr 2022” qrant müsabiqəsinin “İnnovativ Gənclik” kateqoriyası üzrə qalib olub. Layihənin əsas məqsədi gənclərin elmi-texniki bilik və bacarıqlarını, praktiki vərdişlərini və ümumilikdə, intellektual səviyyəsini inkişaf etdirmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərin yaradıcılıq işlərinə olan marağının artırılmasını və onların asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdir. Belə ki, tərsinə mühəndislik biliklərinin (Arduino) gənclərə aşılanması onların müasir dövrdə baş verən elmi-texniki yeniliklər ilə yaxından tanış olmasına, texniki yaradıcılığa maraqlarının stimullaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkil edilməsinə, onların innovative ixtiraçı kimi yetişməsinə kömək olacaqdır. Süni intellektin və müxtəlif sahələrdə robotlaşmanın, dronların, bərpa olunan enerji texnologiyalarının və s. həyatımızın bütün sahələrinə daxil olduğu IV sənaye inqilabının başladığı hazırkı dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Layihə çərçivəsində həyata keçirilən tədbirlər, seminarlar və kiçik proyektlərin gənclər tərəfindən icrası onların müasir dövrdə baş verən elmi-texniki biliklərini daha da inkişaf etdirəcək və gələcəkdə daha yaxşı mütəxəssis kimi yetişməsinə zəmin yaradacaqdır.