ŞƏHLA HACIYEVANIN 50 YAŞI TAMAM OLUB
Doğum günü insan ömrünün sevincini, xoş duyğularını özündə birləşdirən bir zamandı. Müəyyən bir yaşdan sonra həm də bu gün, insanın dönüb arxaya - keçmişinə baxdığı bir zamandı. Görsün ki, bu illər ərzində arxada nə qoyub - nəyi qazanıb, nəyi itirib. Bütün yadda qalan oub keçənləri göz önündən keçirən şəxs günün sonunda öz-özünə hesabat verir. Çünki, heç kəs onun ürəyində nələri saxladığını - nələri gizlədib, nələri əzizlədiyini bilmir. Ancaq bu insan Müəllim olanda verilən hesabatın rəngi də fərqlənir, məzmunu da ayrı cür olur, forması da.
Öz sadəliyi və zəhmətkeşliyi ilə seçilən, ləyaqətli Müəllim ömrü yaşayan insanlardan biri də Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Magistratura və Elm üzrə dekan müavini, Optika və molekulyar fizika kafedrasının müəllimi Şəhla xanım Hacıyevadır. Bu gün (23.10.2022) Şəhla xanımın 50 illik yubileyidir.
Şəhla Nəbi qızı Hacıyeva 1972-ci il oktyabr ayının 23-də Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə Bakı şəhəri 129 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib. 1990-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1996-cı ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 2016-cı ildə “Kardiofəal peptidlərin quruluş-funksiya əlaqələri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi sahəsində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 50-dən çox elmi əsərin və 2 kitabın müəllifidir.
Şəhla xanım səmimiliyi, təvəzükarlığı və xoş xasiyyəti ilə Fizika fakültəsinin kollektivinin, o cümlədən BDU ailəsinin dərin hörmətini qazanmışdır. O, həmçinin tələbələrin sevmli müəllimidir. Şəhla xanımı yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.