Yarımkeçiricilər fizikası kafedrasının professorunun yubileyi
Bu gün BDU-nun Fizika fakültəsinin "Yarımkeçiricilər fizikası" kafedrasının professoru Adilə Abasovanın yubileyidir.
Adilə Ziyat qızı Abasova 03 avqust 1942-ci ildə Zəngilan rayonunda anadan olub. 1959-cu ildə Bakı şəhəri 7 saylı məktəbi medalla bitirib. 1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1970-ci ildə “GaSe monokristallarında rekombinasiya və yapışma proseslərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını alıb. 1987-ci ildə “AIIIBVI və AIIIBIIICVI2 - tipli laylı yarımkeçiricilərin monokristallarında və onlar əsasında hazırlanmış işığa həssas quruluşlarda radiasiya effektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını alıb. Əmək fəaliyyətinə 1964-cü ildə Azərbaycan EA-nın Fizika İnstitutunda baş laborant vəzifəsində başlayıb. 1966-1969-cu ildə Azərbaycan EA-nın Fizika İnstitutunun aspirantı olub, 1970-1972-ci ildə həmin institutda kiçik elmi işçi, 1972-1974-cü ildə baş elmi işçi işləyib. 1974-1983-cü illərdə Moskva şəhərinə Tətbiqi Fizika Elmi Tədqiqat İnstitutuna ezam olunub, 1983-1987-ci illərdə həmin İnstitutun baş elmi işçisi, 1987-1992-ci illərdə laboratoriya müdiri vəzifələrində çalışıb.
Adilə Abasova 1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə sektor müdiri vəzifəsinə dəvət olunub. 1993-1995-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Daimi komissiyalar şöbəsinin müdiri, 1995-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ildə 2-ci dərəcə Dövlət Müşaviri ixtisas dərəcəsi alıb. 1992-ci ildən BDU-nin Yarımkeçiricilər fizikası kafedrasının professorudur. 1999-cu ildə İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin qadını” adını alıb, adı həmin Mərkəz tərəfindən çap olunan “XX əsrin görkəmli şəxsləri” ensiklopedik kitabına daxil edilib və “XX əsrin görkəmli şəxsləri” diplomunu və gümüş medalını alıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə “ ordeni ilə təltif olunub. 150-yə qədər elmi məqalənin, 4 dərs vəsaitinin, 7 ixtiranın müəllifidir. Elmi rəhbərliyi ilə 3 elmlər namizədi, 1 elmlər doktoru yetişib. Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvüdür.
Adilə xanım fədakar alim olmaqla yanaşı, həm də gözəl insandır. Fizika fakültəsi ailəsi olaraq Adilə xanımı 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.