2 Fevral – Gənclər günüdür
2 fevral 2023-cü il tarixində Fizika fakültəsində “Heydər Əliyev ili” çərçivəsində Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” adlı tədbir keçirilib. Tədbiri fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Lamiyə Həmidova açaraq giriş sözü söyləmək üçün fakültə dekanı Bəxtiyar Paşayevi kürsüyə dəvət etdi. Bəxtiyar Paşayev Gənclər günü münasibəti ilə tədbirdə iştirak edən gəncləri və onların timsalında bütün fakültə gənclərini təbrik etdi, Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, belə bir günün onun sərəncamı ilə təsis olunduğunu, bu siyasətin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən xüsusi qayğı ilə davam etdirildiyini qeyd etdi. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 2023-cü ilin cənab Prezidentin Sərəncamı ilə “Heydər Əliyev ili” elan olunduğunu, fakültədə bu il keçiriləcək tədbirlərin də bu ad altında baş tutacağını bildirdi. O, Heydər Əliyevin daima Azərbaycan gənclərinin inkişafını diqqətdə saxladığını qeyd etdi. Sonra fakültənin tələbələri Arzu Adıgözəlova, Lalə Məmmədova və Tərlan Əlizadə Azərbaycanda Gənclər gününün tarixi, gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlar, onlara göstərilən qayğı, gənclərin inkişafı üçün qəbul edilmiş dövlət proqramları barədə ətraflı məlumat verdilər. Azərbaycan gəncliyinin nailiyyətlərini əks etdirən video-çarx nümayiş olundu. Xüsusilə torpaqlarımızın azad olunmasında gənclərimizin göstərdiyi qəhramanlıq qeyd edildi.