Doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib

BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası və Yarımkeçiricilər fizikası kafedralarının, həmçinin Qabaqcıl Materialşünaslıq Tədqiqat və İnkişaf Mərkəzinin “Material dizaynı və sintezi” və “Materiallar fizikası” elmi-tədqiqat laboratoriyalarının birgə elmi seminarında Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Mehtiyeva Xatirə Zirəddin qızının 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Bi və Sb-un laylı quruluşlu telluridlərinin nanoölçülü və həcmi kristallarının sintezi, xassələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri, Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Vaqif Salmanov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verib. Doktorant Xatirə Mehtiyeva dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları və əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər – fizika elmləri doktoru Elman Hacıyev və fizika üzrə fəlsəfə doktoru Aidə Əhmədova dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların elmi yeniliyi və əldə edilmiş nəticələrin etibarlılığı barədə müsbət rəylərini, həmçinin irad və təkliflərini bildirdilər. İddiaçı rəyçilərin irad və təkliflərinə münasibət bildirdi, daha sonra iclas iştirakçılarının suallarını cavablandırdı. Elmi rəhbərlər – professor İmaməddin Əmiraslanov və dosent Ziya Əliyev iddiaçının elmi fəaliyyəti haqqında fikirlərini bölüşdülər. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Mehtiyeva Xatirə Zirəddin qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olması barədə yekdilliklə səs verdilər.
Qərara alındı ki, Mehtiyeva Xatirə Zirəddin qızının təqdim etdiyi “Bi və Sb-un laylı quruluşlu telluridlərinin nanoölçülü və həcmi kristallarının sintezi, xassələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə cavab verir, onun müəllifi 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir və dissertasiya işini Dissertasiya Şurasına təqdim etmək olar.