Elmi seminarda müasir smart texnologiyaları və onların tətbiq sahələri

16 oktyabr 2026-cı il tarixdə Fizika fakültəsi Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Eldar Qarayev “Təhsildə müasir smart texnologiyaları və onların tətbiq sahələri" mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, rəqəmsal transformasiya dövründə təhsil sisteminin müasirləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması smart texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Müasir təhsil mühitində istifadə olunan smart texnologiyalar, onların mahiyyəti, əsas xüsusiyyətləri və müxtəlif təhsil pillələrində tətbiq sahələri təhlil edilir. İnteraktiv lövhələr, smart lövhələr, süni intellekt (AI) əsaslı təlim sistemləri, virtual və artırılmış reallıq (VR/AR) alətləri, bulud texnologiyaları və mobil öyrənmə (m-learning) tətbiqlərinin tədris prosesinə inteqrasiyası imkanları araşdırılıb. Həmçinin, smart texnologiyaların şagird və tələbələrin idrak fəallığının artırılmasına, fərdiləşdirilmiş təlim marşrutlarının yaradılmasına və məsafədən təhsilin effektivliyinin yüksəldilməsinə təsiri qiymətləndirilir. Tədqiqatlar göstərir ki, smart texnologiyaların təhsil prosesinə düzgün və məqsədyönlü inteqrasiyası yalnız biliklərin mənimsənilməsini asanlaşdırmır, həm də təhsilalanlarda XXI əsr bacarıqlarının - kritik təfəkkür, yaradıcılıq, rəqəmsal savadlılıq və əməkdaşlıq qabiliyyətinin formalaşmasına təkan verir.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.