60 illik ləyaqətli və mənalı ömrün izi ilə
Elm və təhsil bəşəriyyətin yaratdığı ən böyük mənəvi sərvət olub, dahilərin qoyduğu kərpiclərlə tikilən və bu günkü öz ecazkar mənzərəsini almış möhtəşəm bir məbəddir. Bu məbədin bu günkü mənzərəsinin yaranmasında, formalaşmasında minlərlə elm və təhsil adamları öz ömrlərini sərf ediblər. Bu ənənəni şərəflə və uğurla davam etdirən alimlərimizdən biri də Azərbaycan fizika məktəbinin tanınmış nümayəndəsi, Bakı Dövlət Universitetinin "Nəzəri fizika" kafedrasının müdiri Məmməd Rəcəb oğlu Rəcəbovdur. Məmməd Rəcəbov 1962-ci il yanvar ayının 5-də ziyalı bir ailədə - Rəcəb müəllim və Nazilə xanımın ailəsində dünyaya göz açıb. Məmməd Rəcəbovun əsli Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunun "İlisu" kəndindəndir. Dağlar qoynunda yerləşən bu səfalı diyar Azərbaycan ictimaətinə, təhsilinə və elminə dəyərli ziyalılar bəxş edib. Məmməd Rəcəbovun atası Rəcəb müəllim də məhz belə ziyalılardan biridir.
Məmməd Rəcəbov1968-ci ildə Zaqatala rayon 3 saylı orta məktəbin birinci sinfinə getmiş və 1978-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1978-ci ildə Bakı Dövlət Universitetinin "Fizika" fakültəsinə qəbul olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Məmməd Rəcəbov ali məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin "Nəzəri fizika" ixtisası üzrə aspiranturasına daxil olmuş və professor Abdulla Muxtarov, professor İsmət Nəcəfov kimi görkəmli alimlərlə birgə elmi tədqiqat işləri aparmağa başlamışdır. O, 1990-cı ildə Bakı Dövlət Universitetində "Kristal mühitlərdə yüksək enerjili qeyri-elastiki elektromaqnit proseslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, "Nəzəri fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Məmməd Rəcəbov ilk əmək fəaliyyətinə 1983-cü ildə AMEA-nın Fotoelektronika İnstitutunda mühəndis vəzifəsi ilə başlamışdır və 1987-ci ilə qədər bu vəzifədə çalışmışdır, 1987-1990-cı illərdə isə AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. O, 1990-ci ildən Bakı Dövlət Universitetinin "Nəzəri fizika" kafedrasında işə başlamış və hal-hazırda həmin kafedraya rəhbərlik edir.
Məmməd Rəcəbov fizika fakültəsində bakalavr və magistr pilləsində təhsil alan tələbələrə Elektrodinamika, Kvant mexanikası, Elementar zərrəciklər fizikası, Atom nüvəsi nəzəriyyəsi kurslarından mühazirələr oxuyur və məşğələ dərsləri aparır. Məmməd Rəcəbov "Kristal mühitlərdə elektromaqnit leysanı" və "Kristal mühitlərdə yüksək enerjili qeyri-elastiki elektromaqnit prosesləri" sahələri üzrə elmi tədqiqat işləri aparır. O, 130-dan çox elmi məqalənin və metodik vəsaitin müəllifidir və onlarla beynəlxalq konfranslarda samballı məruzələrlə çıxışlar edib.
Məmməd Rəcəbov ikinci ali təhsil də alıb. Belə ki, O, 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alaqraq hüqüqşünaslıq ixtisasına da yiyələnmişdir. Savad gendəmi yaranıb formalaşır, yoxsa insan özü zəhmətilə buna yiyələnir? Məmməd müəllimin yüksək bilik və savad almaq, bu bilikləri yüksək peşakarlıqla tələbələrə çatdırmaq, cəmiyyət üçün faydalı insan kimi yetişmək istəyi öz zəhmətsevərliyi ilə yanaşı gendən də gəlir. Qeyd etmək istəyirəm ki, Məmməd Rəcəbov, Almaniyanın nüfuzlu "Humbold" mükafatını alan yeganə azərbaycanlı və dünya şöhrətli alim Məsud Əfəndiyevin doğma xalası oğludur.
Yaxşı alim olmaq üçün bəzən insana 20 il, 30 il kifayət edir, ləyaqətli insan olmaq üçün isə bəzən bir ömür belə kifayət etmir. Yalnız ləyaqətli və xeyirxah insanlar sevilir və yaddaşlaqda hörmətlə qalır. Yüksək mədəniyyətə və dünya görüşünə malik olan Məmməd Rəcəbov məhz belə şəxsiyyətlərdəndir. Zəngin biliyi ilə cəmiyyətə töhfə verən, insanlara insanlığı nümunə olan Məmməd Rəcəbov şəxsiyyətinin gözəlliyi onun xarakterinin təbiiliyindən irəli gəlir. Onu insanlara sevdirən gözəl qəlbi, təmiz vicdanı, sadəliyi, zəhmətkeşliyi, ədalətliyi, doğruluğu, halallığı, etibarlığı, təvəzükarlığı, verdiyi sözə qarşı ciddiliyi, dərin savadı və vətənpərvərliyidir. O, əsl ziyalı və bütöv bir şəxsiyyətdir. İnsan həyatının əsl qayəsi insanlıq olduğu üçün, hesab edirəm ki, Məmməd müəllim həyatda əsl məqsədinə çatmışdır. Məmməd Rəcəbovun uğurlarının arxasında çəkdiyi böyük zəhməti və bir də ona daim mənəvi dayaq olan ailəsi durur. Məmməd müəllimin gözəl ailəsi var. Həyat yoldaşı Nərgiz xanım həkimdir, oğlu Rəcəb və qızı Nəzrin isə bank sistemində çalışırlar.
Bu gün (05.01.2022) Bakı Dövlət Universitetinin əməkdaşlarının hər birinin dərin hörmətini qazanmış və tələbələrin sevimlisi gözəl alim, ustad pedaqoq, dəyərli ziyalı, səmimi insan Məmməd Rəcəbovun 60 illik yubileyidir. Məmməd Rəcəbov ömrünün bəlli bir zirvəsində qərar tutub. O, zirvədən dönüb geriyə baxanda onun fəxr etməyə, qürur duymağa mənəvi haqqı var. Çünki O, 60 illik ömürünün hər gününü sevgiylə, zəhmətlə, halallıqla və ləyaqətlə yaşayıb. Məmməd Rəcəbov tələbəlik illərimin ən sevilib, seçilən müəllimlərimdən olub. Uzun illərdi ki, sevimli müəllimimlə həm də yaxın dostluq edirəm. Onu yaxından tanıyıb, onun elminə, insanlığına valeh olmamaq, bir sözlə bu möhtəşəm insanı sevməmək mümkün deyil. "Yubiley yaşınız mübarək olsun" adlı şeirimi Məmməd Rəcəbovun 60 illik yubileyinə həsr etmişəm.
Yubiley yaşınız mübarək olsun
Ey tələbələrin həyat müəllimi,
Eşqiniz dalğadır, qəlbiniz dəniz.
Çiçəklər çəməni bəzəyən kimi,
Siz də bu həyatı bəzəyirsiniz.
Ürək qəhərlənib boğulmasaydı,
Sevinc də, kədər də boş görünərdi.
Sizin tək insanlar doğulmasaydı,
Cahillər, nadanlar xoş görünərdi.
Gövhərdir, incidir hər bir sözünüz,
Qəlbiniz sevinclə, fərəhlə dolsun.
İstərəm həmişə gülsün üzünüz,
Yubiley yaşınız mübarək olsun.
Gözəl müəllimim və əziz dostum Məmməd Rəcəbovu 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona sağlam uzun ömür, yeni-yeni yaradıcılıq uğurları və həyat eşqi arzulayıram. Özü də möhkəm arzulayıram.
Bakı Dövlət Universitetinin "Optika və molekulyar
fizika" kafedrasının dosenti Bəxtiyar Paşayev