8 Mart günü ilə bağlı tədbir keçirilib
07 mart 2023-cü il tarixində Fizika və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda gender siyasəti” adlı tədbir keçirilib. Tədbirdə hər iki fakültənin əməkdaşları və tələbələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin və Türkiyədə zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra fakültə dekanları Bəxtiyar Paşayev və Ziyadxan Əliyev qısa təbrik nitqi ilə çıxış etdilər. Onlar bu günkü yel çərşənbəsi günü ilə bağlı bütün tədbir iştirakçılarını, 8 Mart günü ilə bağlı qadın əməkdaşları və tələbə qızları təbrik etdilər. 2023-cü ilin cənab Prezidentin Sərəncamı ilə “Heydər Əliyev ili” elan olunmasını qeyd edərək bugünkü tədbirin də bu istiqamətdə təşkil olunduğunu qeyd etdilər. “Heydər Əliyev və qadın siyasəti” mövzusunda Fizika fakültəsinin professoru, “Qadın problemləri tədqiqat birliyi”nin rəhbəri Səcidə Əbdülvahabova çıxış etdi. O, Azərbaycanda qadınlarla bağlı aparılan siyasət, hələ Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə Ulu Öndərin Azərbaycan qadınlarının inkişafına xüsusi diqqət göstərməsi, onların dövlətin və cəmiyyətin bütün sahələrində yüksək səviyyədə təmsil olunmaları istiqamətində gördüyü işlər barədə danışdı. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin həmin siyasəti davam etdirməsini, Azərbaycanın qadın məsələləri ilə bağlı beynəlxalq konvensiyalara qoşulmasını qeyd etdi. Səcidə Əbdülvahabova bu gün də həmin siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu istiqamətdə zəruri qanunların qəbul edildiyini bildirdi. O, Azərbaycan qadınının inkişafı üçün hərtərəfli imkanların yaradıldığını, bu imkanlardan istifadə etmək üçün çoxlu çalışmaq lazım olduğunu tələbələrin nəzərinə çatdırdı və özünün qadın məsələlərinə həsr olunmuş beynəlxalq tədbirlərdə iştirakı barədə məlumat verdi. Sonra Mexanika-riyaziyyat fakültəsinin tələbələri Sara Qurbanova və Toğrul Ələkbərov, Fizika fakültəsinin tələbəsi Könül Əhmədova Azərbaycanın və dünyanın tanınmış qadınları barədə danışdılar. Tədbir Fizika fakültəsinin tələbələri Yaxşıxanım Hüseynova və Arzu Adıgözəlovanın ifasında Cəfər Cabbarlının “Ana” şerinin oxunması ilə başa çatdı.