Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
12 aprel 2021-ci ildə BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası, Yarımkeçiricilər fizikası kafedralarının və Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin Microsoft Teams platforması üzərindən birgə elmi seminarında Nanomaterialların kimyəvi fizikası kafedrasının sabiq dissertantı, Fizika fakültəsinin tyutoru Hümbətov Şirxan Ərəstun oğlunun 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dossent Faiq Paşayev iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Şirxan Hümbətov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.ü.f.d. Həbibə Şirinova və f.ü.f.d. Pərvanə Əsilbəyli dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Şirxan Hümbətovun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Hümbətov Şirxan Ərəstun oğlunun təqdim etdiyi "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.