AKADEMİK BƏHRAM ƏSGƏROV – HƏYATI ÖRNƏK OLAN ALİM
İnsanın dünyaya gəlişi və dünyadan gedişi onun özündən asılı olmayan qanunauyğunluqdur. İnsan doğulduğu gündən dünyadan köçənə qədər ömür adlanan vaxtı necə yaşaması onun ailəsindən, boya-başa çatdığı mühitdən, aldığı təlim-tərbiyədən, başlıcası isə özünü dərk etməsindən asılıdır. Bu mənada insanın ömrü sevinc, kədər, çətinlik və uğurlarla zəngin olan bir kitaba bənzəyir. Bu kitabı hər kəs özü yazır və yaşadığı illərin sevincini, kədərini, nailiyyətlərini həmin kitabın səhifələrinə köçürür. Belə bir zəngin ömür kitabına adı böyük hərflərlə yazılmağa layiq olan insanlardan biri - dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar Elm xadimi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, Azərbaycanda Bərk cisimlər fizikası sahəsində böyük elmi məktəbin yaradıcısı, uzun illər Bakı Dövlət Universitetinin "Bərk cisimlər fizikası" kafedrasının müdiri olmuş, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Əsgərovdur.
Bəhram müəllim yaxın tariximizdə xalqımızın yetişdirdiyi unikal şəxsiyyətlərdən biri idi. Həyatının əlli beş ilini gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan və dünya elminin inkişafına həsr etmiş görkəmli alim, səmimi dost, gözəl müəllim, nəcib bir insan olan Bəhram müəllim şərəfli və mənalı bir ömür yolu keçmişdir. O, həkarlarının sirr yoldaşı, məsləhətçisi, daxili aləmi də xarici görünüşü qədər gözəl olan, asta yerişli, sakit təbiətli, üzündən təbəssümü əskik olmayan, öz səliqəsi, dəqiqliyi ilə seçilən, ciddi davranışlı, lakin həddindən artıq kövrək ürək sahibi olan bir insan idi. Bəhram müəllim hamı ilə ümumi dil tapmağı bacarar və insanlara tutduğu vəzifədən və yaşından asılı olmayaraq hörmət edərdi. Həyati və ya elmi olmasından asılı olmayaraq həmişə istənilən sualla ona müraciət etmək olardı. Onun yanına müəyyən bir xahişlə gələn məyus olmaz, aldığı cavabdan asılı olmayaraq xoş əhvali-ruhiyyə ilə qayıdardı. Bu mənada Bəhram müəllim hamının dostu idi. Onun müdrikliyi, təmkini, zəkası, fizika və digər elm sahəsindəki dünyagörüşü hamını heyrətləndirərdi.
Bəhram Mehralı oğlu Əsgərov 1933-cü il oktyabr ayının 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. O, 1952-ci ildə Yanıxlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüdçü (Stalin təqaüdü) olmuşdur. 1957-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun "Yarımkeçiricilər fizikası" ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. Aspirantura təhsilini, məşhur Rentgenin tələbəsi olmuş akademik Abram Fyodoroviç İoffenin direktor olduğu, Leninqrad şəhərindəki (indiki Sankt-Peterburq) SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda almışdır. Bu İnstitutda o, professor Andrey İvanoviç Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçmiş, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri - metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyyəsi ilə məşğul olmuşdur.
Yerinə yetirdiyi işlərin əsasında 1962-ci ildə Leninqradda namizədlik dissertasiyasını müdafiə etmişdir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işini davam etdirmişdir. Dissertasiya işində qaldırılan problemlərin aktuallığı nəzərə alınaraq Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə 1963-cü ildə Bəhram Əsgərovun namizədlik dissertasiyası bütünlüklə "Теория явлений переноса в полупроводниках" ("Yarımkeçiricilərdə köçürmə hadisələri nəzəriyyəsi", rus dilində) adı altında "Elm" nəşriyyatı tərəfindən ayrıca kitab şəklində nəşr edilmişdir. Bu kitab onun ilk və uğurlu monoqrafiyası idi.
Bəhram Əsgərov 1966-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin "Molekulyar fizika" kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Həmin ildən etibarən onun elmi işi ilə yanaşı pedaqoji fəaliyyəti də başlamışdır. Belə ki, o, "Elektrodinamika", "Bərk cisimlərin kvant nəzəriyyəsi", "Termodinamika və statistik fizika" kimi mühüm ümumnəzəri universitet kurslarından mühazirələr oxuyurdu. Universitetdə təşkilatçılıq fəaliyyətini Bəhram Əsgərov 1971-ci ildə "Bərk cisimlər fizikası" kafedrasını təşkil etməklə başlamış, 1972-ci ildə kafedranın professoru olmuş və 2014-cü ilə qədər həmin kafedraya rəhbərlik etmişdir.
1970-ci ildə Bəhram Əsgərov Leninqradda "Наука" nəşriyyatında özünün "Кинетические эффекты в полупроводниках" ("Yarımkeçiricilərdə kinetik effektlər", rus dilində) adlı ikinci monoqrafiyasını nəşr etdirir. Bu monoqrafiyanın çox uğurlu taleyi olmuşdur: birincisi, onun əsasında Bəhram müəllim 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edir; ikincisi, bu monoqrafiyaya görə müəllif 1974-cü ildə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülür; üçüncüsü, bu monoqrafiya mütəxəssislər arasında böyuk şöhrət qazanır və bu günə qədər bir çox aparıcı universitetlərdə onun əsasında kinetik effektlər nəzəriyyəsindən ixtisas kursları oxunur. Onun üçüncü monoqrafiyası olan "Электронные явления переноса в полупроводниках" ("Yarımkeçiricilərdə elektron köçürmə hadisələri", rus dilində) adlı kitabını 1985-ci ildə Moskvada "Наука" nəşriyyatında nəşr etdirir. Bu monoqrafiya da uğurlu olur. Belə ki, həmin kitab, "Electron transport phenomena in semiconductors" adı ilə ingilis dilinə tərcümə olunaraq World Scientific (Singapore) Ümumdünya nəşriyyatında çap olunur. Bəhram müəllimin (S.R.Fiqarovanın həmmüəllifliyi ilə) "Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases" (ingilis dilində) adlı növbəti monoqrafiyası 2010-cu ildə Springer (Berlin, Almaniya) nəşriyyatında işıq üzü görmüşdür.
Bəhram Əsgərovun elmi fəaliyyəti 1957-ci ildən, onun SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutuna aspirant kimi ezam olunduğu dövrdən başlayır. Həmin illərdə o, professor A.İ.Anselmlə birgə yarımkeçiricilərdə və metallarda termomaqnit hadisələrinin kvant nəzəriyyəsini inkişaf etdirir. Onlar tərəfindən kvantlayıcı maqnit sahəsində, adi kinetik tənlik tətbiq oluna bilmədiyi halda dissipativ termomaqnit cərəyanlarını hesablamaq üçün metod təklif edilir. Elmi ədəbiyyatda Anselm-Əsgərov metodu adı ilə məlum olan bu üsul, sonralar müəllifər tərəfindən dönməyən proseslərin ümumi nəzəriyyəsi vasitəsi ilə əsaslandırılır.
Bəhram Əsgərovun 1960-1961-ci illərdə "Физика твердого тела" jurnalındakı işlərinə qədər kvantlayıcı maqnit sahəsində termomaqnit hadisələrin nəzəriyyəsi ümumiyyətlə yox idi. Bu işlər termomaqnit hadisələrin kvant nəzəriyyəsinin yaranmasının başlanğıcı olur. Kinetik nəzəriyyənin yeni sahəsinin yaranışı ilə ölkəmizdəki və xaricdəki bir çox nəzəriyyəçilər kvantlayıcı maqnit sahəsində termomaqnit hadisələrin nəzəriyyəsi ilə intensiv məşğul olmağa başlayır. Onun kinetik effektlərin klassik nəzəriyyəsinə həsr edilmiş ilk işlərində güclü cırlaşmış yarımkeçiricilərdə və metallarda ixtiyari maqnit sahəsində köçürmə hadisələri kimi vacib məsələlərə baxılmışdır. Bəhram Əsgərovun bir sıra işlərində uzununa maqnit sahəsində yerləşmiş yarımkeçiricilərdə termoelektrik hərəkət qüvvəsinin və istilikkeçirmənin elektron hissəsi öyrənilmişdir. Bu nəticələrin bir çoxu Bəhram Əsgərovun "Теория явлений переноса в полупроводниках" adlı birinci monoqrafiyasına daxil edilmişdir.
Bəhram Əsgərovun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunmuşdur. O, sferik, lakin qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnit və termomaqnit effektlərin klassik nəzəriyyəsi ümumiləşdirilmişdir.
Bəhram müəllim tərəfindən termomaqnit effektlərinin ölçülməsindən istifadə olunaraq güclü cırlaşmış sferik-simmetrik dispersiya qanunlu elektron yarımkeçiricilərinin parametrlərinin tapılması üçün yeni üsul təklif olunub. Bu üsul təcrübəçilər tərəfindən effektiv kütlə, səpilmə mexanizmi, yürüklük, zonanın qeyri-parabolikliliyi və s. kimi kəmiyyətlərin dəqiq ölçülməsi üçün istifadə olunur. Fiziki cəhətdən maraqlı nəticələr, onun qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnit effektlərin kvant nəzəriyyəsinə həsr olunmuş işlərində alınmışdır. Bu işlərdə Keyn dispersiya qanunlu yarımkeçiricilərdə eninə termoelektrik hərəkət qüvvəsi və izotermik Nernst-Ettinqshauzen effektinin kvant nəzəriyyəsi qurulmuşdur. Bundan başqa Bəhram müəllim tərəfindən həm klassik həm də ölçüyə görə kvantlanmış yarımkeçirici təbəqələr üçün qalvanomaqnit və termomaqnit effektlərin ardıcıl nəzəriyyəsi qurulmuşdur.
Yuxarıda adı çəkilən nəticələrdən başqa Bəhram Əsgərovun əsas fəaliyyəti istiqamətində aldığı bir sıra başqa elmi nəticələri də göstərmək olar. İlk dəfə kvantlayıcı maqnit sahəsində elektron qazının əsaslı surətdə statistikası qurulmuş və kimyəvi potensialı hesablanmışdır. Kvantlayıcı maqnit sahəsində keçirici elektrlonların optik fononlarla qarşılıqlı təsirini nəzərə almaqla enerji spektrinin xüsusiyyətləri tədqiq edilmişdir. Sferik-simmetrik zona üçün yükdaşıyıcıların fononlarla sövq olunma nəzəriyyəsi ümumiləşdirilmiş və elmə “Statistik sövqetmə qüvvəsi” adlı yeni anlayış daxil edilmişdir. Bəhram Əsgərov güclü cırlaşmış yarımkeçiricilərin fiziki parametrlərinin ölçülməsi üsulunu təklif etmişdir. Onun təklif etdiyi "İkiatomlu molekulların elektrik dipol momentinin termodinamik yolla təyini metodu" ixtira kimi qeydiyyatdan keçmişdir. Bəhram müəllim elmi fəaliyyətinin son illərində aktual olan sahədə - ölçüyə görə kvantlanmış və aşağıölçülü elektron sistemlərində köçürmə hadisələri ilə məşğul olaraq bu sahədə də mühüm elmi nəticələr almışdır.
Təbəqələrdə elektron köçürmə hadisələrinin nəzəriyyəsinə həsr olunmuş işlər əsasında o, əməkdaşları ilə birgə 1984-cü ildə Almaniyada nəşr olunan "Physica Status Solidi" jurnalı üçün geniş icmal məqalə yazmışdır. Bu işlərin bir çox nəticələri onun "Теория явлений переноса в полупроводниках", "Кинетические эффекты в полупроводниках" və "Электронные явления переноса в полупроводниках" adlı monoqrafiyalarına daxil edilmişdir. "Кинетические эффекты в полупроводниках" monoqrafiyasının müqəddiməsində kitabın məsul redaktoru professor S.S.Şalit yazırdı: "Təqdim olunan monoqrafiyanın müəllifi Bəhram Əsgərov yarımkeçiricilərdə kinetik hadisələrin nəzəriyyəsi üzrə öz işləri ilə məşhur olan mütəxəssisdir, o, təcrübəçilərin tələbləri ilə də yaxşı tanışdır və ümid etmək olar ki, onun bu əsəri onlar arasında təqdirəlayiq qiymətini alacaqdır." Doğrudan da monoqrafiya, redaktorun ümidlərini tam şəkildə doğrultdu, kitab çox uğurlu oldu. Tamlığı və aydınlığı professor Bəhram Əsgərovun monoqrafiyasına qısa müddətdə ölkəmizdə və xaricdə layiqli şöhrət qazandırdı. Buna sübut kimi yarımkeçiricilər fizikası üzrə olan elmi jurnalların və monoqrafiyaların səhifələrində çoxlu sayda istinadları göstərmək olar. Mübaliğəsiz demək olar ki, Bəhram Əsgərovun bu monoqrafiyası yarımkeçiricilərdə köçürmə hadisələrinin tədqiqi ilə məşğul olan fiziklərin stolüstü kitabına çevrilmiş və elm aləminin tam rəğbətini qazanmışdır. Bu fikri təsdiq etmək üçün aşağıdakıları göstərə bilərik:
- "Физика и Техника Полупроводников" (cild 5, buraxılış 10, 1971-ci il) jurnalında məşhur alim prof. L.E.Qureviç nəşr etdirdiyi rəyində, qeyd edir ki, Bəhram Əsgərovun 1970-ci ildə nəşr olunan "Кинетические эффекты в полупроводниках" kitabı yarımkeçiricilərin kinetik xassələri haqqında birinci nəzəri monoqrafiyadır və onun yenidən nəşr etmək lazımdır;
- Bəhram Əsgərovun üçüncü monoqrafiyası olan "Электронные явления переноса в полупроводниках" kitabı haqqında "Физика и Техника Полупроводников" (cild 22, buraxılış 7, 1988-ci il) jurnalında Leninqradlı professor O.V.Konstantinov öz rəyini dərc etdirmişdir. Burada o, qeyd edir ki, rəy verdiyi kitab digər monoqrafiyalardan onunla fərqlənir ki, bərk cisimlər fizikasının məhz bu bölməsi üzrə ən dolğun kitabdır, bu isə təbiidir, çünki Bəhram Əsgərov öz əsərləri ilə termomaqnit hadisələrinin nəzəriyyəsinin yaranmasında əvəzsiz rol oynamışdır;
- Bəhram müəllimin monoqrafiyalarının bu gün də öz aktuallığını saxlanmasına sübut kimi onu göstərmək kifayətdir ki, İnternet resurslarında bu monografiyaların həm elektron, həm də kitab formatında intensiv reklamı və satışı aparılır.
Bütövlükdə qeyd etmək lazımdır ki, akademik Bəhram Əsgərovun elmi işlərində, dəfələrlə təcrübədə öz təsdiqini tapmış, fiziki cəhətdən maraqlı və mühüm nəzəri nəticələr alınmışdır. Bu orijinal nəticələrin onun ümumi istifadə üçün nəzərdə tutulmuş kitablarına daxil edilməsi onların böyük əhəmiyyətini bir daha üzə çıxarır. Bundan başqa onun elmi nəticələri A.İ.Anselmin "Введение в теорию полупроводников", L.Bonç-Brueviç və S.Q. Kalaşnikovun "Физика полупроводнков", R.Smitin "Полупроводники", M.M.Qaciəliyevin "Термомагнитные эффекты в узкозонных полупроводниках в сильном и квантующем магнитном поле", A.V.Lyubçenko, E.A.Salkov, F.F.Sizovun "Физические основы полупроводниковой инфракрасной фотоэлектроники", E.V.Kuçisin "Гальваномагнитные эффекты и методы их исследований" kimi məşhur monoqrafiyalarına, Физическая энциклопедия, (Москва, Изд-во "Большая Российская энциклопедия", 1998), "Физика твердого тела" (Киев, Изд-во "Наукова Думка", 1998) ensiklopedik lüğətinə, V.P.Draqunov, İ.Q.Neizvestnıy, V.A.Qridçinin "Основы наноэлектроники" dərsliyinə və V.Zavadskinin "Advance In Physics" jurnalında dərc olunmuş icmalına daxil edilmişdir. Öz işləri ilə Bəhram Əsgərov yarımkeçiricilər nəzəriyyəsinə, o cümlədən kvantlayıcı maqnit sahəsində termomaqnit və qalvanomaqnit hadisələr nəzəriyyəsinə böyük töhfələr vermişdir.
Ümumiyyətlə, Bəhram Əsgərov çox hissəsi "Письма в Журнал Экспериментальной и Теоретической Физики", "Физика и Техника Полупроводников", "Физика Твердого Тела" (Россия), "Физика Низких Температур" (Украина), "Journal Physics. Condensed Matter", "Nanotechnology", "Proceedings of the Royal Society A", (England), "Phys Status Solidi" (Germany), "Physica E: Low-Dimensional Systems and Nanostructures" (Netherlands), Japanese Journal of Applied Physics (Japan) kimi məşhur elmi jurnallarda dərc olunmuş 170-dən çox elmi əsərin müəllifidir. Bu işlər geniş mütəxəssis kütləsinə məlumdur və onlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bəhram Əsgərovun əksər nəzəri nəticələri bir çox laboratoriyalarda öz təcrübi təsdiqini tapmışdır. O, eyni zamanda yuxarıda göstərilən 5 monoqrafiyadan başqa azərbaycan dilində olan 1 dərslik və 1 dərs vəsaitinin müəllifidir: "Termodinamika və statistik fizika" (Bakı Universiteti nəşriyyatı, 2005) və "Bərk cisimlərin nəzəriyyəsi" (Bakı Universiteti nəşriyyatı, 2013).
Monoqrafiyanın və elmi işin əhəmiyyəti, dəyəri və gərəkli olması onlardan həmin sahədə çalışan mütəxəssislər, elmi işçilər və doktorantlar tərəfindən istifadə olunması, elmi məqalələrdə onlara istinad edilməsi ilə müəyyən edilir. Bəhram Əsgərovun monoqrafiyaları və bir sıra elmi məqalələri göstərilən meyarları ödəyir. Təkcə onu qeyd etmək kifayətdir ki, bizdə olan məlumata görə onun kitablarına və məqalələrinə elmi ədəbiyyatda 1000-dən çox istinad vardır. Bu isə onu göstərir ki, Bəhram müəllim bərk cisimlər fizikası sahəsində nəinki Respublikamızda, həm də dünyada tanınan alimlərdəndir. Belə ki, o, xarici jurnallarda dərc olunmuş işlərinə görə 1997-ci ildə İngiltərədəki Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin məşhur alimi" sırasına daxil edilmiş, "Elmdə görkəmli nailiyyətlərinə görə" diplomu və medalı ilə təltif olunmuş və Ümumdünya ensiklopediyasına daxil edilmişdir.
Bəhram Əsgərov Moskva, Sankt-Peterburq, Kiyev, Novosibirsk, Vilnüs, Tartu, Daşkənd, Tbilisi, Bakı, Salford, Bodrum, Varşava, Pekin, Eddinburq şəhərlərində keçirilmiş çoxlu sayda Beynəlxalq və Respublika elmi konfranslarda orijinal məruzələrlə çıxış etmişdir. Bəhram müəllim yüksəkixtisaslı fizik-nəzəriyyəçilərin hazırlanmasında fəal iştirak etmişdir. O, 12 namizədlik dissertasiyasına elmi rəhbər və 5 doktorluq işinin elmi məsləhətçisi olmuşdur.
Bəhram Əsgərov Respublikada bir çox elmi-ictimai işləri həyata keçirmişdir. O, 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru olmuş və 1998-ci ildə bir ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra etmişdir. Bir çox illər o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Respublika Təhsil Nazirliyinin "Fizika" ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi Şuraların sədri və həmsədri, Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının və Fizika fakültəsinin Elmi Şurasının üzvləri olmuşdur. Bundan başqa Bəhram Əsgərov "Bakı Universitetinin Xəbərləri" jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın "Xəbərlər" və "Fizika", "Sumqayıt Universitetinin Xəbərləri" və "Qafqaz Universiteti" jurnallarının redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.
Bəhram Əsgərovun elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir: 1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatını, 2000-ci ildə Əməkdar Elm xadimi fəxri adını almışdır. 2001-ci ildə "Fizika" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunmuş və 2009-cu ildə prezident təqaüdünə layiq görülmüşdür.
Bəhram müəllimin böyük bir ailənin başçısı olmuçdur. Onun üç övladı, yeddi nəvəsi və dörd nəticəsi vardır.
Bəhram Əsgərov 12 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.
5 oktyabr 2015-ci ildə Bakı Dövlət Universitetində Bəhram Əsgərovun 1971-ci ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi "Bərk cisimlər fizikası" kafedrasının önündə anadan olmasının 82-ci ildönümü münasibətilə barelyefinin açılışı olmuşdur. Tovuz şəhərində ən böyük küçələrdən biri akademik Bəhram Əsgərovun adını daşıyır.
Görkəmli pedaqoq və gözəl insan olan Bəhram müəllim əməkdaşları və tələbələri üçün nümunə olmuş, öz diqqət və qayğısını onlardan əsirgəməmişdir. O yaddaşlarda həyatsevər, təvazökar, geniş dünyagörüşünə və incə yumor hissinə malik bir insan kimi qalmışdır. Həmkarları və tələbələri hər zaman ona böyük hörmət və rəğbət hissi ilə yanaşmış, həmişə ondan dəyərli məsləhətlər almışlar. Həyatı bir örnək olan Bəhram müəllimi xatırlamaq, onu gələcək nəsillərə tanıtdırmaq, yaddaşlarda, kitablarda yaşatmaq bizim vətəndaşlıq borcumuzdur.
Akademik Bəhram Əsgərovun əziz xatirəsi onun dostlarının, tələbələrinin və müəllim həmkarlarının yaddaşlarında əbədi yaşayacaqdır.
Fizika fakültəsinin dekanı
Bəxtiyar Paşayev
Bərk cisimlər fizikası kafedrasının müdiri
Mehdi Mahmudov