Allah rəhmət eləsin.
Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının sabiq əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, dosent Eldar Məhərrəmov 2025-ci il iyul ayının 13-də dünyasını dəyişib.
Məhərrəmov Eldar Məmmədəli oğlu 19 iyun 1940-cı ildə Bakı şəhərində anadan olub. 1947-1957-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1957-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 1962-ci ildə BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1962-ci ildə təyinatı üzrə BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında ilk əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə aspiranturaya qəbul olub və elmi işlərini davam etdirmək üçün keçmiş SSRİ EA-nın A.F. İoffe adına Fizika-texniki İnstitutuna ezam olunub. 1969-cü ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1969-2015-ci illərdə BDU-nun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında əvvəlcə baş müəllim sonra isə dosent vəzifələrində çalışıb. 2015-ci ildən təqaüdə çıxıb. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 40-a yaxın elmi işin və 2 patentin müəllifidir.
Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında işlədiyi müddətdə Eldar Məhərrəmov özünü istedadlı alim və savadlı müəllim kimi göstərib. Tələbələri hər zaman ona böyük hörmət və rəğbət hissi ilə yanaşıb, həmişə ondan dəyərli məsləhətlər alıblar. Tanınmış pedaqoq və gözəl insan olan Eldar müəllim əməkdaşlar və tələbələr üçün nümunə olub, öz diqqət və qayğısını onlardan heç vaxt əsirgəməyib. O yaddaşlarda həyatsevər, təvazökar və geniş dünyagörüşünə malik bir insan kimi qalıb.
Eldar Məmmədəli oğlu Məhərrəmovun əziz xatirəsi Fizika fakültəsinin əməkdaşlarının, dostlarının, tələbələrinin və müəllim həmkarlarının yaddaşlarında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.