Ankara Universitetinin professoru Fizika fakültəsinin seminarında texnologiyanın cəmiyyətin inkişafına təsirindən danışıb
28 sentyabr 2022-ci il tarixində Fizika fakültəsinin seminarında Ankara Universitetinin professoru Ali Gencer “Dayanıqlı inkişafda elm və texnologiyaların rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev seminar iştirakçılarını salamlayaraq, Ali Gencer haqqında müəyyən məlumatlar verdi: Professor doktor Ali Gencer Qaradəniz Texniki Universitetinin Fizik bölümünü bitirib, İngiltərədə Birminhem Universitetində PhD - doktor elmi dərəcəsini alıb. Doktorluq elmi dərəcəsini aldıqdan sonra Ankara Universitetinin Fizik bölümündə çalışmağa başlayıb. Ali Gencer İfratkeçiricilik sahəsində dünyada tanınmış alimlərdəndir. Onun elmi işləri yüksək temperaturlu ifratkeçiricilərin eksperimental tədqiqi ilə bağlıdır. O, bu sahədə 1986-cı ildə kəşf olunmuş müxtəlif yüksək temperaturlu ifratkeçiricilərin xarici maqnit sahəsində maqnit nüfuzluğunun harmonikalarını öyrənməklə araşdırmalar aparmışdır. Springer nəşriyyatında çap olunan “Journal of Superconductivity and Magnetism” jurnalının elmi redaksiya heyətinin üzvüdür. 2008-ci ildən 2 ildə bir Türküyədə təşkil olunmuş “International Conference on Superconductivity and Magnetism” konfransının təşkilat komitəsinin sədridir və Ankara Universitetində qurulmuş milli ifratkeçiricilik araşdırma mərkəzinin rəhbəridir. Onun beynəlxalq jurnallarda 100-ə yaxın məqaləsi çap olunmuş və bu məqalələrə çox sayda istinadlar edimişdir.
Professor Ali Gencer məruzəsində müasir dövrdə texnologiyanın inkişafının aktual problemlərindən, ölkələrin iqtisadi inkişafında, yüksək həyat səviyyəsinin əldə olunmasında texnologiyanın rolundan ətraflı məlumat verdi. O, dünya ölkələri üzrə aparıcı jurnallarda dərc olunan məqalələrə dair statistik məlumatları təqdim edərək Türkiyənin və Azərbaycanın bu istiqamətdə gördüyü və görməli olduğu işləri diqqətə çatdırdı. Eyni zamanda Ali Gencer, son 150 ilin statistik məlumatlarının təhlili əsasında elmin və texnologiyanın daha çox inkişaf etdiyi ölkələrdə insanların orta ömür yaşının da daha yüksək olduğunu göstərdi. O, ölkələrimizdə elm və texnologiyanın inkişafının sürətlə getməsi üçün görülməli olduğu işlərdən də danışdı.
Sonra məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.