Astrofizika kafedrasında elmi seminar keçirilib

03 fevral 2026-cı il tarixində Fizika fakültəsi “Astrofizika” kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın baş müəllimi Zəminə Əliyeva “Günəş tacında yayılan yavaş maqnit-akustik dalğaların spektrində FeIX λ171 Å xəttinın profilləri” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, maqnitoakustik dalğanın şüalanma spektrində müxtəlif fiziki parametrlər üçün xəttin profilinin hesablanması, enerji selinin hesablanması və müşahidələrlə müqayisəsi olduqca əhəmiyyətlidir və böyük maraq kəsb edir. Bu məqsədlə tac borusunun oxu ilə θ bucağı əmələ gətirən və borudan baxış şüası istiqamətində çıxan şüalanma xəttinin profilini hesablanmışdır. Tac borusunu optik nazik hesab edərək I yaxınlaşmada dalğada sıxlığın dəyişmədiyi, hər bir elementar həcmin şüalanma profilinin dopler profili olduğu qəbul edilərək profillər hesablanıb. Parametrlərin müxtəlif qiymətlərində baxılan spektral xəttin profilinin hesablanması bu parametrlərin nəzərdən keçirilən dalğanın enerji selinin qiymətinə, eləcə də qeyri-istilik və Doppler sürüşmələrinin qiymətlərinə necə təsir etdiyini aşkar etməyə imkan verir.
Araşdırmadan alınır ki, qeyri-istilik sürətlərinin qiymətləri baxış bucağının kiçik qiymətlərində ~12 km/s olur, baxış bucağının böyük qiymətlərində demək olar ki, sıfıra qədər dəyişir. Baxış bucağının böyük qiymətlərində Doppler sürüşmələrinin qiyməti müşahidə edilən qiymətlərə yaxındır, kiçik baxış bucaqlarında isə hesablanmış qiymətlər ümumiyyətlə müşahidə edilənlərdən xeyli böyükdür. Bunu onunla izah etmək olar ki, reallıqda bu dalğalardakı sürətlərin amplitudası 10 km/s-dən bir qədər azdır.
Həmçinin tədqiqatdan alınır ki, selin qiyməti borunun enindən və burada yayılan yavaş səs dalğasının uzunluğundan asılıdır. Selin qiymətinin hesablanması dalğanın fazasının müxtəlif qiymətləri üçün aparılmışdır. Alınmışdır ki, enerji selinin qiyməti baxış bucağının kiçik qiymətlərində 2٠103erg٠ sm-2٠ s-1 -dən baxış bucağının böyük qiymətlərində demək olar ki, sıfıra qədər dəyişir . Doppler sürüşmələrinin və qeyri-istilik sürətlərinin minimum qiyməti ~1 km/s və daha azdır; sürətin bu qiymətində enerji selinin sıxlığının qiyməti ~10 erg sm-2 s-1 və daha azdır. Bu o deməkdir ki, baxış bucağından, eləcə də dalğanın fazasından asılı olaraq, enerji selinin müşahidə olunan qiyməti demək olar ki, iki tərtib və ya daha çox fərqlənəcəkdir. Lakin maqnit borusunda eyni miqdarda enerji axır. Bu mühüm nəticə müxtəlif müəlliflər tərəfindən müşahidələrdən əldə edilən yavaş maqnitosonik dalğaların enerji axınının kəskin şəkildə fərqlənən qiymətlərini izah edə bilər.
Həmçinin maqnit-akustik dalğasının emissiya xətlərinin profillərində asimmetriya araşdırılmışdır.
Bütün fazalar və dalğa uzunluqları üçün asimmetriya qiymətləri müəyyən edilmişdir. Məlum olmuşdur ki, baxış bucağının kiçik qiymətlərində (J<300) zəif bənövşəyi asimmetriya nəzərə çarpır. J>30° baxış bucaqlarında asimmetriya demək olar ki, hiss olunmur. Deməli, dalğanın özündəki hərəkətlər spektral xəttin profilində asimmetriya yaratmır. Bu, bir çox müəlliflərin müşahidələrindən əldə edilən nəticəni təsdiqləyir ki, həqiqətən də asimmetriya aşağıdan gələn maddə axını ilə yaradılır, onun şüalanma profili yavaş maqnitoakustik dalğanın şüalanma profilinə əlavə olunur.
Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.