Astrofizika kafedrasında elmi seminar keçirilib

05 iyun 2026-cı il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Bayram Rüstəmov “Alqol tipli sıx qoşa USge ulduzunun spektral tədqiqi” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, bircins spektral müşahidə materialı əsasında Algol tipli tutulan-qoşa U Sge ulduzunun spektral xüsusiyyətləri tədqiq edilib. Spektrlər Şamaxı Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda, optik lifli eşele spektroqrafda (ShAFES), R = 28000 spektral ayırdetmə ilə və λ = 3900–7500 Å dalğa uzunluğu diapazonunda 1922–25 ci illərdə alınıb. Tutulan - qoşa U Sge ulduzunun spektrində sistemin orbital periodu ərzində hidrogenin Balmer seriyası (Hα–Hδ), və HeI 5876 Å xətləri , həmçinin rezonans dublet xətləri— Na I D və Ca II K — tədqiq edilib. Müəyyən edilib ki, Hα udulma xətti və K CaII xəttinin ulduzətrafı komponentinin (CS) şüa sürətləri, sistemin orbital periodu ərzində sinxron dəyişkənlik göstərir.
Həmçinin, ölçülmüş şüa sürətləri və ədəbiyyatda dərc olunmuş məlumatlardan istifadə etməklə, U Sagittae sisteminin hər iki komponentinin şüa sürəti əyriləri qurulub.
2022-25 -ci illərdə aparılmış müşahidələrdə USge ulduzunun spektrlərində, CaII xəttinin ulduzətrafı komponenti (CS) və HeI xətləri sistemin isti ulduzu ilə kinematik bağlı olan kompakt akresiya strukturunda və hidrogenin Balmer seriyasının xətləri (Ha - He) isti ulduzun atmosferində və qismən bu xətlərlə eyni oblastda formalaşdığını göstərir. U Sge qoşa sisteminin orbital hərəkətinin bəzi fazalarında - fazanın təxminən 0.8 qiymətləri ətrafında Hα udulma xəttinin göy qanadında və fazanın təxminən 0.3 qiymətləri ətrafında isə qırmızı qanadında, əlavə udulma detalı müşahidə olunur. Məruzədə bu müşahidə faktının izahı üçün ehtimallı fərziyyələr təqdim olunub.