Astrofizika kafedrasında elmi seminar keçirilib
21.04.25-ci il tarixdə Fizika fakültəsinin Astrofizika kafedrasının növbəti seminarı keçirilib. Seminarda Astrofizika kafedrasının II kurs magistrantı Aynur Əliyeva “Seçilmiş sıx qoşa ulduzların kütlələrinin təyini” mövzusunda məruzə ilə çıxış edib.
Ulduzların və eləcə də bütün kosmik obyektlərin kütləsi onların ən mühüm xarakteristikasıdır. Ulduzların təkamülünün protoulduz mərhələsində sıxılmanın başlanğıcında buludun kütləsi 0.08 Günəş kütləsindən kiçik olarsa protoulduz ulduza çevrilə bilmir, yalnız planet yarana bilir. Ulduzların təkamülünün sürəti onların kütləsindən asılıdır, ulduzun kütləsi böyük olduqca daha sürətlə təkamül edir. Müasir astrofiziki təsəvvürlərə görə ulduzların təkamülünün final mərhələsində nüvənin kütləsindən asılı olaraq üç növ ulduz qalığı yaranır: ağ cırtdan, neytron ulduzu və ya qara çuxur. Bu səbəblərdən ulduzların kütləsinin təyini müasir astrofizikanın ən aktual problemlərindən biridir.
Təqdim olunan məruzədə seçilmiş sıx qoşa ulduz sistemlərinin: HD159176, HD153720, Zeta Feniks və Usge, şüa sürəti əyrilərinin qurulması, qurulmuş şüa sürəti əyrilərindən bu ulduzların kütləsini təyin etmək üçün zəruri orbit elemetlərinin tapılması və kütlələrinin təyini metodikasının mərhələləri ətraflı şərh olunub. Nəticədə seçilmiş sıx qoşa uldiz sistemlərinin təyin olunmuş kütlələrinin qiymətləri təqdim edilib və alınmış nəticə hər bir ulduz üçün ətraflı şərh olunub.
Seminarın sonunda məruzəçi sualları cavablandırıb, müzakirələr aparılıb və magistranta dəyərli tövsiyələr verilib.