Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib

05 mart 2026-cı il tarixində Astrofizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı Elvin Qədirov “Naməlum planet probleminin təhlilində kometlərin mümkün rolu” mövzusunda məruzə edib.
Məruzəçi qeyd edib ki, Günəş sisteminin uzaq bölgələrində yerləşə biləcəyi ehtimal olunan naməlum planetin mövcudluğu müasir astronomiyanın aktual problemlərindən biri hesab olunur. Təqdim olunan məruzədə Günəş sisteminin xarici hissəsində mövcud ola biləcəyi ehtimal edilən Planet 9 hipotezi və onun dolayı müşahidə əlamətləri vasitəsilə araşdırılması imkanları qısa şəkildə təqdim edilib. Həmçinin, yeni planetlərin axtarışı üçün istifadə olunan əsas üsullar haqqında məlumat verilir. Bu üsullara səmanın geniş müşahidə icmalları, ədədi modelləşdirmə və müşahidə proqramları ilə kosmik missiyaların məlumatları əsasında qoyulan məhdudiyyətlər daxildir. Kkometlərin bu problemin araşdırılmasında mühüm rol oynaya biləcəyi vurğulanıb. Xüsusilə, uzunperiodlu kometlərin orbit parametrləri Günəş sisteminin uzaq hissəsində mövcud ola biləcək əlavə qravitasiya təsirlərinin mümkün göstəriciləri kimi nəzərdən keçirilir.
Məruzənin əsas hissəsi komet orbitlərinin statistik xüsusiyyətlərinin təhlilinə əsaslanan yanaşmaya həsr olunub. Bu yanaşmada kometlərin periheliylərinin hesablanmış müstəviyə nisbətən paylanması və afeliylərinin 250–400 astronomik vahid intervalında mümkün konsentrasiyası araşdırılıb. Həmçinin komet orbitlərinin dinamik xüsusiyyətlərini qiymətləndirmək üçün Tisserand parametrindən istifadə imkanları nəzərdən keçirilib.
Sonda bu metodun yenilənmiş müşahidə məlumatlarına tətbiqi göstərilib. Məlumatlar 2017-ci ilə qədər və 2017-ci ildən sonrakı dövr üzrə müqayisəli şəkildə təhlil edilib və problemin gələcək araşdırılması üçün mümkün istiqamətlər müəyyənləşdirilib.
Seminarın sonunda məruzəçi sualları cavablandırıb, mövzu üzrə müzakirələr aparılıb.