Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib

12.03.2026 tarixində astrofizika kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın II kurs magistrantı Jalə Haşımova “B spektral sinifli HD1279(B7III) və HD1438(B8V) ulduzlarının fundamental parametrlərinin təyini” Mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, ulduzların effektiv temperaturları və səthlərində ağırlıq qüvvəsinin təcili onların əsas fundamental parametrləridir. Bu parametrləri bilməklə ulduzların təkamül parametrləri – kütləsi, radiusu, işıqlığı, yaşı təyin olunur. Həmçinin Teff və log g ulduz atmosferləri modellərinin bazis parametrləridir.
Teff və log g-nin təyininin dəqiq üsullarından biri model üsuludur. Bu üsul ulduzların bir sıra fotometrik və spektral kəmiyyətlərinin müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsinə əsaslanır. Təqdim olunan işdə HD1279(B7III) və HD1438(B8V) ulduzlarının effektiv temperaturları və səthlərində ağırlıq qüvvəsinin təcili [c1], Q, β fotometrik kəmiyyətlər əsasında təyin edilib.
[c1] kəmiyyəti uvby fotometrik sistemində [c1]=c1-0,2(b-y), Q kəmiyyəti UBV fotometrik sistemində Q=(U-B)-0,72(B-V) kimi təyin olunur. [c1] və Q kəmiyyətləri ulduzlararası fəzada udulmanın təsirindən azaddır. HD1279(B7III) və ulduzu üçün [c1], Q, β kəmiyyətlərinin müşahidə qiymətləri uyğun olaraq [c1]=0,592, Q=-0,3752 və β=2,675; HD1438(B8V) ulduzu üçün isə uyğun olaraq [c1]=0,6836, Q=-0,3024 və β=2,751
[c1], Q, β kəmiyyətlərinin müşahidə və nəzəri qiymətlərinin müqayisəsi əsasında HD1279(B7III) ulduzu üçün Teff=13300K, log g=3,72 ; HD1438(B8V) ulduzu üçün isə Teff=12470K, log g=4,08 müəyyən edilib.